Uşaq əməyinin istismarına qarşı maarifləndirmə aparılır

2019.06.11 17:40 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Bakı şəhəri Nizami rayonunda yerləşən orta məktəbdə yuxarı sinif şagirdləri üçün "Uşaq əməyinin istismarının qarşısının alınması" və "Qeyri-rəsmi məşğulluğun qarşısının alınması" mövzularında keçirdiyi maarifləndirmə tədbiri keçirilib.

Qeyd edilib ki, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır. Habelə onlar əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən gecə klublarında, barlarında, kazinolarda işlərə cəlb edilə bilməzlər. Tədbirdə əmək münasibətləri sahəsində uşaq hüquqları, uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə barədə geniş məlumatlar verilib. Yaşı 18-dən az olan işçilərin əməyindən istifadə zamanı onlar üçün əmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və s. baxımından qanunvericilikdə nəzərdə tutulmuş əlavə təminatlar, güzəştlər diqqətə çatdırılıb.

Tədbirdə əmək münasibətlərinə daxil olan hər bir şəxslə ilk növbədə əmək müqaviləsi bağlanmasının vacibliyi, əmək müqaviləsinin işçinin əmək və sosial təminat hüquqları üçün əsas yaratdığı vurğulanıb, iştirakçıların sualları cavablandırılıb.