Azərbaycanda ilk dəfə olaraq tullantı yağlarından müxtəlif markalı baza yağları istehsal olunacaq. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Az-Kom Servis” MMC-nin direktoru Afiyəddin Sadıqov deyib.
Onun sözlərinə görə, hazırda baza yağları istehsal edən ilk müəssisənin qurulması üçün işlər aparılır. Layihələndirmə işləri bitdikdən sonra tikinti işlərinə başlamaq nəzərdə tutulur. Təxminən 1 ildən sonra müəssisənin fəaliyyətə başlaması gözlənilir.
A.Sadıqov qeyd edib ki, fəaliyyətə başladıqdan sonra istehsal tullantısı olan mühərrik yağları təkrar emal olunacaq: “Avtomobillərdən çıxan, yağdəyişmə məntəqələrində olan tullantı yağlarını yenidən emal edərək 75 faizlik baza yağı əldə edəcəyik. Azərbaycanda bu formada yağ istehsal edən ilk müəssisə olacağıq. Bizim innovativ layihəmiz startapdır. Hazırda baza yağları xaricdən idxal edilir, onların yerli bazarda istehsalı yoxdur”.
A.Sadıqov bu yağların istehsalı üçün xammal çatışmazlığının olacağını düşünmür. Onun sözlərinə görə, xammal ehtiyatı ölkə ərazisindəki yağdəyişmə məntəqələrindən toplanacaq: “İstehsal etdiyimiz məhsulları daxili bazar üçün nəzərdə tutmuşuq, amma onun daxili tələbatın neçə faizini ödəyəcəyini istehsala başladıqdan sonra müəyyən edə biləcəyik. Yerli tələbat ödənilərsə, xaricə də məhsul ixrac edə bilərik”.
A.Sadıqov bildirib ki, Azərbaycanda baza yağını xaricdən idxal edən bir neçə müəssisə var. O deyib ki, tullantı yağlarından əldə etdikləri yağa müəyyən qatqılar əlavə etməklə ondan yenidən mühərrik yağı edə biləcəklər: “Dizel və benzin mühərriki olan bütün avtomobil nəqliyyatı, kənd təsərrüfatı texnikaları bu yağlardan istifadə edə biləcək”.
İlhamə İSABALAYEVA