Azərbaycan-Qırğızıstan biznes forumu keçirilib

2023.07.26 15:04 (UTC+04:00)

İyulun 26-da Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərində Azərbaycan-Qırğızıstan biznes forumu keçirilib.

Biznes forumda Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə müvafiq dövlət strukturlarının rəhbərləri və işgüzar dairələrin nümayəndələrindən ibarət Azərbaycan Respublikasının nümayəndə heyəti iştirak edib.

Biznes forumda çıxış edən Ə.Əhmədov bildirib ki, son qarşılıqlı səfərlər zamanı iki ölkənin prezidentləri tərəfindən qarşıya qoyulmuş vəzifələr və müəyyən edilmiş istiqamətlər Azərbaycan və Qırğızıstan sahibkarları üçün mühüm siqnaldır.

Azərbaycanın iqtisadi göstəricilərindən danışan Baş nazirin müavini vurğulayıb ki, 2022-ci ildə ölkə iqtisadiyyatı 4,6 faiz artaraq rekord göstəriciyə – təxminən 80 milyard dollara çatıb.

Biznes forumun iştirakçıları dövlət tərəfindən Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması məqsədilə görülən tədbirlər, eləcə də Ələt Azad İqtisadi Zonasının işi haqqında ətraflı məlumatlandırılıblar.

Qırğızıstanın biznes dairələrinin nümayəndələri Azərbaycan bazarında fəaliyyət göstərmək üçün əlverişli şəraiti daha diqqətlə nəzərdən keçirməyə dəvət olunublar.

Öz növbəsində biznes forumda təmsil olunmuş Azərbaycan şirkətlərinin əməkdaşlığın inkişafı üzrə konkret təklifləri müzakirə etməyə hazır olduqları ifadə edilib.

Biznes forum çərçivəsində Azərbaycan Respublikasının və Qırğızıstan Respublikasının investisiya imkanları ilə bağlı təqdimatlar, eləcə də iki ölkənin sahibkarları və investorları arasında bir sıra görüşlər keçirilib.

AZƏRTAC