Osman Xaliyev: "Elektron kredit və zəmanət" sisteminin yaradılması üzrə işlər həyata keçirilir" MÜSAHİBƏ

2023.07.26 10:05 (UTC+04:00)

- Osman müəllim, SİF-in 2023-cü ilin ilk 6 ayı üzrə fəaliyyətini necə qiymətləndirirsiniz? Bu ilki fəaliyyətiniz ötən ilin müvafiq dövründən nə ilə fərqlənir?

- Bu dövr ərzində Sahibkarlığın İnkişafı Fondu öz əsas missiyasına uyğun olaraq, sahibkarlığı güzəştli şərtlərlə maliyyələşdirmək, eləcə də bu yolda sahibkaryönümlü, peşəkar və şəffaf fəaliyyət göstərmək üçün çalışıb. İlin əvvəlində SİF-in Müşahidə Şurası tərəfindən 2023-cü il üzrə prioritet istiqamətlər müəyyənləşdirilib. Əvvəlki illərdən fərqli olaraq, bu il Fondun prioritet istiqamətləri arasında “yaşıl layihələrin” maliyyələşdirilməsi də var. Ötən dövr ərzində isə prioritet istiqamətlərə uyğun olaraq sahibkarların layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi davam etdirilib. Beləliklə, 6 ay ərzində Fond tərəfindən 971 layihənin maliyyələşdirilməsinə 51,9 milyon manat vəsait ayrılıb. Burada xüsusi qeyd edilməli məqam layihə sayında mikro, kiçik və orta sahibkarlara düşən paydır. Belə ki, həmin dövr ərzində maliyyələşdirilmiş 971 layihənin 970-i məhz mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aiddir. Fondun fəaliyyətində dövlətin prioritetləri əsas götürülür. Bu səbəbdən Fondun vəsaitinin yönləndirilməsində regionların inkişafına, o cümlədən regionlarda fəaliyyət göstərən bizneslərin dayanıqlığının artırılmasına xüsusi diqqət ayrılır. Fondun güzəştli kredit mexanizmi üzrə 6 ay ərzində ayrılan vəsaitlərin 76%-i (39,2 milyon manatı) regionların payına düşüb. Verilmiş kreditlərin iqtisadiyyatın sahələri üzrə bölgüsündə isə vəsaitlərin 48,1%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 34,3%-i sənaye məhsullarının istehsalı və emalı, 11,3%-i turizmin inkişafı, 6,3%-i xidmət, balıqçılıq və akvakultura sahələrinə ayrılıb.

Hər il olduğu kimi bu il də qadın və gənc sahibkarların iqtisadiyyatda fəaliyyətinin stimullaşdırılmasına dəstək göstərməyə çalışırıq. Hesabat dövründə 73 qadın sahibkara 6,5 milyon manat, 26 gənc sahibkara isə 1,1 milyon manat kredit verilib.

Maliyyələşdirilmiş 971 layihənin 970-i məhz mikro,
kiçik və orta sahibkarlıq subyektlərinə aiddir

- SİF tərəfindən işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizmi çərçivəsində hansı işlər görülür? Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün tətbiq edilən dövlət dəstəyini necə qiymətləndirirsiniz?

- Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 9 yanvar tarixli fərmanı ilə "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası" təsdiq edilib. Eyni zamanda, Fərmanda zəmanətli kreditin alınması məqsədilə sahibkarlıq subyektlərinin müraciət etməsi üçün “Elektron kredit və zəmanət” informasiya sisteminin yaradılması ilə bağlı tapşırıq verilib. Hazırda həmin informasiya sisteminin yaradılması üzrə müvafiq işlər aparılır və hazır olduqdan sonra mexanizmin icrasına başlanılacaq. Mexanizm çərçivəsində 500 milyon manat həcmində zəmanətli kreditin verilməsi planlaşdırılır. Bu mexanizm məbləği hər bir sahibkarlıq subyekti üzrə 5 milyon manatdan, müddəti 7 ildən, illik faiz dərəcəsi 15%-dən çox olmayan kreditlərə şamil ediləcək. Kreditlər üzrə kreditin müddətinin yarısından çox olmamaqla, 36 ayadək güzəşt müddəti də tətbiq edilə bilər. Həmçinin, kreditlərin 90%-dək hissəsinə dövlət zəmanəti verilir və həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aydan çox olmayan müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır. Düşünürəm ki, bu şərtlər həmin əraziləri əlverişli investisiya mühitinə çevirmək üçün kifayət qədər stimul yarada bilər.

Kreditlərin 90%-dək hissəsinə dövlət zəmanəti verilir və həmin
kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aydan çox
olmayan müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır

- SİF-in ayırdığı kreditlər azad edilmiş ərazilərin yenidənqurulması prosesinə necə təsir göstərir? Bu ərazilərdə fəaliyyət göstərmək istəyən sahibkarların aldığı kreditlərin təyinatları daha çox hansı istiqamətlər üzrə olur?

- Sevindirici haldır ki, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək istəyən sahibkarlar dövlətin güzəştli maliyyə dəstəyindən yararlanmaq üçün Fonda müraciət edirlər. Artıq SİF-in güzəştli kredit mexanizmi üzrə maliyyə dəstəyindən yararlanan sahibkarlar da var. İndiyədək həmin ərazilərdə fəaliyyət göstərən 5 subyektə ümumilikdə 5 870,0 min manat kredit verilib. Bu layihələrin icrası nəticəsində işğaldan azad edilmiş ərazilərdə 206 yeni iş yerinin yaradılması nəzərdə tutulub. Kredit ayrılmış layihələrin əksəriyyəti sənaye yönümlü layihələrdir.

- Naxçıvan Muxtar Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanları, eləcə də SİF-in kreditlərindən yararlanma imkanları necədir?

- Bilirsiniz ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar bu ildən etibarən SİF-in güzəştli kredit mexanizmindən yararlana bilirlər. Bununla bağlı vaxtaşırı Naxçıvandakı sahibkarlarla görüşərək maliyyə resurslarına əlçatanlıqla bağlı çətinliklərini öyrənir, dövlətin dəstək mexanizmləri, o cümlədən SİF-in güzəştli kredit mexanizmi ilə bağlı məlumatlılıq səviyyəsinin artırılması üçün çalışırıq. Bu dövr ərzində artıq Muxtar Respublikada fəaliyyət göstərən və ümumi dəyəri 2 872,9 min manat olan 9 layihəyə güzəştli kreditin ayrılması barədə müsbət qərar verilib. Həmin layihələrə ayrılan güzəştli kreditin məbləği isə ümumilikdə 930,0 min manatdır. Bu layihələr əsasən, sənaye və kənd təsərrüffatı sahələrinə aiddir.

Müvəkkil kredit təşkilatları ilə mütəmadi şəkildə görüşlər keçirilərək,
Fondun vəsaitlərinin müəyyənləşdirilmiş prioritet istiqamətlər
üzrə yönləndirilməsi istiqamətində müzakirələr aparılır

- SİF tərəfindən bankların iqtisadiyyatın prioritet istiqamətləri üzrə biznes layihələrini dəstəkləməsi ilə bağlı hansı tədbirlər görülüb və indiyədək hansı nəticələr əldə edilib?

- SİF-in hazırda 44 müvəkkil kredit təşkilatı var və bunlara banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqları daxildir. Müvəkkil kredit təşkilatları ilə mütəmadi şəkildə görüşlər keçirilərək, Fondun vəsaitlərinin müəyyənləşdirilmiş prioritet istiqamətlər üzrə yönləndirilməsi istiqamətində müzakirələr aparılır, çətinliklər öyrənilir. Həmçinin müvəkkil kredit təşkilatlarının iqtisadiyyatın prioritet istiqamətləri üzrə biznes layihələrini dəstəkləməyə təşviq edilməsi üçün müxtəlif müsabiqələr həyata keçirilir. Belə müsabiqələrdən biri də elə ötən 6 ayda yekunlaşan "Sənayenin inkişafına dəstək” müsabiqəsidir.

Sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı layihələrinin dəstəklənməsi yönündə müvəkkil kredit təşkilatlarının nümayəndələrinin təşviq edilməsi məqsədilə elan edilən müsabiqə nəticəsində bu sahədə fəaliyyət göstərən 73 layihəyə ümumilikdə 18 milyon manat kredit ayrılmasına nail olduq. Düşünürəm ki, qoyduğumuz digər hədəflərin icrasında da növbəti 6 aylıq müddəti səmərəli şəkildə dəyərləndirəcəyik.

İlhamə İSABALAYEVA