İyun ayının sonunda ölkədə dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 299 min ədəd artaraq 15 milyonu ötüb.
“vergiler.az” Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18,8 faiz artıb.
Ödəniş kartlarında artım debet kartları üzrə 17,7 faiz, kredit kartları üzrə 26,3 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 107 min, kredit kartları 421 min, digər kartlar isə 1,7 milyon ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə artıb. 2023-cü ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3 625 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 2867 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 751 milyon manatı POS-terminallar, 6 milyon manatı isə özünəxidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 52,3 faizini təşkil edib.