Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, istedadlı kadrların seçilməsi və inkişaf etdirilməsi, ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu il “Yüksəliş” müsabiqəsinin finalçıları arasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin hüquqşünası Cəmilə Mustafazadə də var.
C. Mustafazadə deyir ki, 2022-ci ildə “Uğur Yolu” müsabiqəsində qalib olduqdan sonra növbəti il özünü bu konteksdə olan və daha geniş kütləni əhatə edən “Yüksəliş” müsabiqəsində sınamağı qərara alıb: “Bildiyimiz kimi, həm “Uğur Yolu”, həm də “Yüksəliş” ölkəmizdə profisional iş mühitindəki insanları bir araya gətirərək onlara özlərini fərqli mühitdə sınamaq, potensiallarını realizə etmək və bir çox uğurlu liderlərlə tanış olub əməkdaşlıq etmək imkanı verən unikal müsabiqədir. “Uğur Yolu” müsabiqəsinin qalibi kimi karyera inkişaf proqramı çərçivəsində yararlanma imkanı tapdığım təlimlər, görüşlər, eyni zamanda qurduğum yeni əlaqələr, qazandığım yeni dostlar “Yüksəliş” müsabiqəsinə qatılmağım üçün ən böyük motivasiya amilləri oldu”.
Finalçı qeyd edir ki, hər iki müsabiqənin kifayət qədər oxşar cəhətləri var. Belə ki, sözügedən müsabiqələrin mərhələlərinin formatı bir-biri ilə oxşarlıq təşkil edir. Hər iki müsabiqədə oxşar onlayn mərhələlər keçirilir, onlayn mərhələdə uğur qazanan iştirakçılar yarımfinal və final mərhələlərinə adlayır. Müsabiqələrin yarımfinal və final mərhələləri isə əsasən biznes kazuslarının həlli üzərində qurulur. Həmçinin, müsabiqələrin qalibləri üçün karyera inkişaf proqramının həyata keçirilməsi nəzərdə tutulur ki, bu proqramlar da özündə müxtəlif təlimləri, rəhbər şəxslərlə görüşləri, mentorluq proqramını və karyera yüksəlişini birləşdirir.
Lakin sadalananlarla yanaşı müsabiqələrin kifayət qədər fərqli tərəfləri də mövcuddur. “Uğur Yolu” müsabiqəsindən fərqli olaraq “Yüksəliş” müsabiqəsində qabiliyyət və idarəetmə bacarıqları üzrə əyani test mərhələsi keçirilir, yarımfinal və final mərhələləri açılış mərasimi olmaqla üç gün davam edir.
“Uğur Yolu” müsabiqəsi İqtisadiyyat Nazirliyinin və tabeli qurumlarının əməkdaşlarının iştirakı üçün nəzərdə tutulduğundan “Yüksəliş” müsabiqəsi ilə müqayisədə iştirakçı sayında xeyli fərq nəzərə çarpır. “Yüksəliş” müsabiqəsində istər dövlət, istərsə də özəl sektordan olan 13000-dən çox müxtəlif peşə sahibləri mübarizə aparırdı ki, bu fərq də öz növbəsində müsabiqədəki mübarizə tempinə əhəmiyyətli təsir göstərirdi: “Albert Eynşteynin də dediyi kimi, eyni şeyləri təkrar-təkrar edib fərqli nəticələr əldə etməyi gözləmək axmaqlıqdır. Məhz bu devizlə qatıldığım müsabiqədən əsas gözləntilərim gündəlik gördüyümüz işlərdən, komfort zonadan kənara çıxa bilmək, özümü yenidən sınamaq, yeni insanlar, fərqli baxışlarla tanış olmaq, öyrənmək, bölüşmək, potensialımı göstərmək və təbii ki, qalib olaraq karyera inkişaf proqramının üstünlüklərindən faydalanmaq idi. Gözləntilərimin böyük ölçüdə özünü doğrultduğunu deyə bilərəm. Fevral ayından etibarən davam edən müsabiqə prosesi boyunca özümün bir çox güclü və zəif tərəflərimi kəşf etmək, bir-birindən fərqli, potensiallı insanlarla tanış olmaq, məlumat və təcrübə mübadiləsi aparmaq şansı qazandım. Yəqin əksər iştirakçılar təsdiq edər ki, müsabiqə prosesi, xüsusilə də yarımfinal və final mərhələləri olduqca həyəcanlı, bir o qədər də maraqlı və yaddaqalan məqamlarla dolu keçir. Bu müsabiqə mənə özümdə inkişaf etdirməli olduğum tərəflərimi göstərdi, ən çətin vəziyyətlərdə belə güclü cəhətlərimdən necə istifadə edə biləcəyimi öyrətdi. Mübarizə aparmaq, qalib olmaq əzmi qazandırdı. Müsabiqədən yeni ideyalar, maraqlı təcrübə, öz üzərimdə daha çox işləmək həvəsi və xoş təəssüratlarla ayrıldım”.
C.Mustafazadə bildirib ki, günümüzdə uğurlu karyera yolu yalnız elmi, texniki biliklərdən deyil, həm də “soft skills” dediyimiz “yumşaq bacarıqlar”a yiyələnməkdən keçir. Bu cür müsabiqələrdə iştirak ona emosional zəkanın uğurlu lider olmağı hədəfləyən şəxslər üçün nə qədər önəmli faktor olduğunu göstərib. Müsabiqə üzrə qiymətləndirilən 8 səriştənin də “yumşaq bacarıqlar”a əsaslanması təsadüfi deyildi. Bu baxımdan növbəti müsabiqələrdə iştirak etməyi planlayan hər kəs üçün liderlik, vaxtın və stresin idarə edilməsi, emosional zəka, empatiya, inkluziv yanaşma kimi bacarıqlar üzərində işləməyin faydalı olacağını düşünmək olar: “Müsabiqə barədə verə biləcəyim ən sadə tövsiyəni isə Oskar Uayldın bir fikri ilə ifadə edə bilərəm: "Özün ol. Başqa rollar artıq alınıb". Bu cür müsabiqələrdə uğur qazanmaq potensialın olduğu qədər, emosiyaların da düzgün idarə olunmasına əsaslanır. Gün boyu olduqca həyəcanlı, bəzən gərgin keçən müzakirələr zamanı ən yaxşı strategiya olduğunuz kimi davranmaqdır. Bu zaman komanda yoldaşlarınızı dinləməyi, fərqli fikirlərə hörmətlə yanaşmağı, etik oyun nümayiş etdirməyi və adekvat mübarizə aparmağı bacarmaq lazımdır. Lakin bütün sadalananların fonunda siz həm də öz bacarıqlarınızla fərqlənməli, parlamalısınız. Digər bir önəmli məqam isə kommunikasiya bacarıqlarının yüksək olması və komanda ilə effektiv işin qurulmasıdır.
Viktor Hüqonun da dediyi kimi, öz işığına güvənən, başqasının parlamasından narahat olmaz. Bu yanaşma ilə siz yalnız qələbə deyil, həm də bir-birindən potensiallı insanlarla dolu yeni çevrə, yeni tanışlıqlar və dostluqlar qazana bilərsiniz. Növbəti illərdə də “Yüksəliş” və bənzər müsabiqələr keçirildiyi təqdirdə hər zaman onlara qatılmağa, özümü təkrar-təkrar sınamağa və uğur əldə etmək üçün çalışmağa hazır olacağam. Bu ilki maraqlı müsabiqə prosesi və uğurlu iştirak məndə müsabiqəyə yenidən qatılmaq və qalib olmaq üçün stimul yaratdı”.
İlhamə İSABALAYEVA