Sahibkarlıq mühitinin təkmilləşdirilməsi, bizneslə məşğul olanlar üçün əlverişli şəraitin yaradılması və iqtisadi aktivliyin təmin olunması iqtisadi sistemlər üçün prioritet inkişaf istiqamətidir. Bu tendensiyanın iqtisadi artıma faydasını təmin etmək və leqal fəaliyyəti formalaşdırmaq isə iqtisadiyyatın effektivliyini artırmaq üçün mühüm çağırışdır. Bu baxımdan iqtisadi hüquq pozuntuları və vergi cinayətləri ilə mübarizədə müxtəlif metodlar tətbiq edilir. 10 iyun 2022-ci il tarixində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT və ya OECD) Şurası nazirlər səviyyəsində yeni “Vergi Cinayətləri ilə Mübarizə üçün On Qlobal Prinsip” üzrə tövsiyəsini təsdiq edib. Bu sənəd ölkələrə vergi cinayətləri ilə mübarizə üzrə milli strategiyalarını işləyib hazırlamaqda və ya yeniləməkdə köməklik göstərir. Bu tövsiyə Maliyyə Məsələləri üzrə Komitə (CFA) tərəfindən irəli sürülüb. İƏİT-nin üzv ölkələri ilə yanaşı, tövsiyəni dəstəkləyən 4 qeyri-üzv ölkə də var ki, bunlar Argentina, Braziliya, Xorvatiya və Rumıniyadır.
“On Qlobal Prinsip” nəyə xidmət edir?
Bir neçə ildir ki, CFA, Vergi Cinayətləri və Digər Cinayətlər üzrə İşçi Qrupu (TFTC) vasitəsilə vergi cinayətləri ilə mübarizə üzərində işləyir. "On Qlobal Prinsip" ilk dəfə 2017-ci ilin noyabrında nəşr edilib. 2021-ci ilin iyununda isə vergi cinayətlərinə şərait yaradan mütəxəssislərin mühakimə olunması və aktivlərin bərpasında beynəlxalq əməkdaşlığın təşviq edilməsi kimi yeni çağırışları ətraflı araşdırmaq üçün yenilənib. Bu prinsiplər vergi cinayətləri ilə mübarizənin ilk hərtərəfli standartını təmsil edir və vergi cinayətlərinin qarşısının alınması, aşkarlanması, təhqiqatı və təqibinin səmərəli və effektiv şəkildə həyata keçirilməsi və bu cinayətlərdən əldə edilən gəlirlərin qaytarılması üçün on əsas prinsipi təyin edir.
Yeni tövsiyələr “On Qlobal Prinsip”i təcəssüm etdirir. O, tərəfdarlara vergi qanunlarının pozulmasını cinayət hesab etməyi, praktikada tətbiq olunan müvafiq sanksiyaları təqdim etməyi, vergi cinayətlərinin həlli üçün strategiya hazırlamağı və müvafiq orqanlara vergi cinayətlərini və əlaqəli maliyyə cinayətlərini aşkar etmək, araşdırmaq və mühakimə etmək və bu cinayətlərlə əlaqəli aktivləri geri almaq üçün adekvat səlahiyyətlər verməyi tövsiyə edir. Həmçinin adekvat resurslarla, habelə yerli və beynəlxalq əməkdaşlıq üçün effektiv çərçivələrlə aydın və müəyyən edilmiş öhdəlikləri olan təşkilati strukturun yaradılmasını tövsiyə edir. Eyni zamanda, vergi cinayətlərinin çirkli pulların yuyulması üçün əsas cinayət hesab edilməsini təşviq edir və cinayətlə bağlı vergi araşdırmalarına məruz qalan şəxslərin hüquqlarının müdafiəsini təmin etməyi bəyan edir. Yurisdiksiyalara prinsipləri tətbiq edərkən mövcud sistemlərini nəzərdən keçirməklə prinsiplərin müqayisəli tətbiqi tövsiyə edilir. Buraya istintaq və ya icra səlahiyyətlərinin növünün artırılması, hökumətin nəzarətində olan digər məlumatlara çıxışın genişləndirilməsi, vergi hüquqpozmalarının aradan qaldırılması üçün strategiyanın işlənib hazırlanması və ya yenilənməsi və təsirlərin ölçülməsi üçün daha çox səylərin göstərilməsi kimi qanun və ya normativ aktlarda dəyişikliklərə ehtiyac duyulan sahələrin müəyyənləşdirilməsi daxildir.
“On Qlobal Prinsip”in mahiyyəti
1-ci prinsip vergi hüquqpozmalarının kriminallaşdırılmasını təmin etməkdir. Yəni ki, yurisdiksiyalar vergi qanunvericiliyini pozanları cinayət məsuliyyətinə cəlb etmək və təsirli sanksiyalar tətbiq etmək üçün hüquqi bazaya malik olmalıdır. Bu, heç kimin "qanundan üstün olmadığı" mesajını göndərməyə kömək edir, həm də vergi öhdəliklərindən yayınmağı düşünən insanlar üçün çəkindirici rol oynayır. 1-ci prinsipə görə, hər bir yurisdiksiyada qanun cinayət hesab edilən vergi hüquqpozmalarını müəyyən etməli, cinayətin asanlaşdırılmasına kömək edən üçüncü şəxslər və sahibkarlıq subyektləri də daxil olmaqla kimin cinayət məsuliyyətinə cəlb oluna biləcəyinin dəqiq tərifini verməli, cinayət sübuta yetirildikdə cəza tətbiq etməlidir. Həmçinin daha ağır cinayətlər daha təsirli sanksiyalarla cəzalandırılmalı və vergi hüquqpozmalarını cinayət hesab edən qanun səmərəli şəkildə tətbiq edilməlidir.
2-ci prinsipdə vergi cinayətlərinin aradan qaldırılması üçün effektiv strategiya hazırlanması tövsiyə edilir. Hər bir yurisdiksiyanın vergi cinayətlərinin həlli üçün müfəssəl strategiyası olmalıdır ki, burada vergi orqanının məqsədləri, vergi qanunvericiliyinə əməl edilməməsinin riskləri, bu riskləri həll etmək üçün mövcud resurslar, risklərin həllində vergi orqanının qarşısında duran çətinliklər və bunların azaldılması yolları, məqsədlərə çatmaq üçün metod, kommunikasiya strategiyası, performansın nəzərdən keçirilməsi planı öz əksini tapmalıdır.
3-cü prinsip adekvat istintaq səlahiyyətlərinə malik olmaqla bağlıdır. Belə ki, yurisdiksiyalar vergi cinayətlərini uğurla araşdırmaq üçün müvafiq istintaq səlahiyyətlərinə malik olmalıdır. Bu, onların üçüncü tərəfin sənədli məlumatlarını əldə etmək səlahiyyəti, axtarış səlahiyyətləri, poçt və telekommunikasiyaya əlçatanlıq, kompüter avadanlıqlarını, proqram təminatını, mobil telefonları və rəqəmsal medianı axtarmaq və araşdırmaq səlahiyyəti, sorğu keçirmək, gizli müşahidə, əməliyyat aparmaq və həbs etmək səlahiyyətini ehtiva edir.
4-cü prinsip aktivlərin dondurulması və müsadirəsi səlahiyyətlərinə malik olmağı nəzərdə tutur. Bu prinsipə görə, yurisdiksiyalar aktivləri dondurmaq və müsadirə etmək imkanına malik olmalıdır. Burada dondurulma – aktiv üzərində hüquqların müvəqqəti dayandırılması, müsadirə – aktivin müvəqqəti məhdudlaşdırılması və ya dövlətin nəzarətinə verilməsi, müsadirə (və ya “aktiv müsadirə”), ümumiyyətlə, işin yekun nəticəsi başa çatdıqdan sonra cinayətkarların cinayət nəticəsində əldə edilmiş aktivlərə çıxışını dayandırmaq üçün istifadə olunan metod kimi göstərilir. Bu üsullar cinayət fəaliyyətinin qarşısını almağa kömək edir və vergi cinayətlərinin törədilməsinin “gəlirliliyinin” azaldılmasında çəkindirici tədbir kimi çıxış edir.
5-ci prinsip müəyyən edilmiş öhdəliklərə malik təşkilati strukturun yaradılması ilə səciyyələnir. Yurisdiksiya vergi cinayətləri və digər maliyyə cinayətləri ilə mübarizə üçün müəyyən edilmiş öhdəlikləri olan təşkilati modelə malik olmalıdır. Aydın təşkilati modelin yaradılması öhdəliklərin səmərəli bölüşdürülməsinə, həmçinin resursların istifadəsi və strategiyaların tətbiqi üçün daha çox şəffaflıq və hesabatlılığa imkan verir.
6-cı prinsipdə vergi cinayətlərinin araşdırılması üçün adekvat resursların təmin edilməsinə diqqət çəkilir. Belə ki, vergi cinayətlərinin təhqiqatını aparan orqanlar adekvat resurslara malik olmalıdır. Burada maliyyə resursları – agentliyin ehtiyaclarını ödəmək üçün tələb olunan büdcəyə və maliyyə vəsaitinə malik olmaq, insan resursları – vergi cinayətlərinin araşdırılmasında işləmək üçün müvafiq biliyə, təcrübəyə və bacarıqlara malik kifayət qədər sayda işçi heyətinin olması, təlimlər, infrastruktur resursları, təşkilati resurslar, məlumat və texnologiya resursları qeyd edilir.
7-ci prinsipdə bildirilir ki, yurisdiksiyalar vergi cinayətlərini çirkli pulların yuyulması üçün əsas cinayətlərdən (predikativ) biri kimi təyin etməlidir. Predikativ cinayətlər qanunsuz gəlirlərin əldə edilməsi ilə müşayiət olunur. Cinayətin predikativ cinayət kimi təyin edilməsinin nəticələri ondan ibarətdir ki, cinayət törədən şəxs çirkli pulların yuyulması cinayətində, eləcə də predikat cinayətin özündə ittiham oluna bilər. Bu, hakimiyyət orqanlarına məhkumluğu təmin etmək və ya daha böyük cəzalar tətbiq etmək üçün daha geniş imkanlar verə bilər.
8-ci prinsipdə daxili qurumlararası əməkdaşlıq üçün səmərəli çərçivəyə malik olmaq tövsiyəsi yer alır. Vergi cinayətlərinin təhqiqatına hər birinin özünəməxsus güclü tərəfləri olan və ya başqa bir qurumun cinayətin təhqiqatını dəstəkləyə biləcək məlumatına malik olan bir sıra dövlət qurumları cəlb oluna bilər. Bu, müvafiq qurumlar arasında əməkdaşlığı çox vacib və faydalı edir və bunu asanlaşdırmaq üçün effektiv hüquqi və inzibati baza mövcud olmalıdır. Əməkdaşlıq formalarına məlumat mübadiləsi, birgə təhqiqat qrupları və idarələrarası kəşfiyyat mərkəzləri daxil ola bilər.
9-cu prinsipdə beynəlxalq əməkdaşlıq mexanizmlərinin mövcudluğunu təmin etmək tövsiyə edilir. Vergi cinayətləri çox vaxt beynəlxalq elementə malik olur. İstintaq orqanlarının səlahiyyətləri yurisdiksiya hüdudları ilə məhdudlaşdığından vergi cinayətlərinin səmərəli araşdırılması və mühakimə olunması üçün beynəlxalq əməkdaşlıq vacibdir. Bu əməkdaşlığın şərtlərini və prosedur tələblərini müəyyən edən hüquqi müqavilə olmalıdır.
10-cu prinsipdə şübhəlilərin hüquqlarını qorumaq qeyd edilir. Bu prinsipə görə, vergi cinayəti törətməkdə təqsirləndirilən şəxsin əsas fundamental hüquqları təmin edilməlidir. Buraya vəkillə məsləhətləşmək, günahsız hesab olunmaq, öz hüquqlarından xəbərdar olmaq, xüsusi olaraq nədə ittiham olunduğu barədə məlumat almaq, səssiz qalmaq, tərcümə və şərh, sənədlər və iş materialları ilə tanış olmaq və ikiqat təhlükədən müdafiə hüququ daxildir.
Ölkəmizdə də vergi cinayətləri ilə mübarizənin effektivliyinin artırılması prioritet fəaliyyət istiqamətlərindəndir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti OECD tərəfindən tərtib edilmiş prinsiplərin milli təcrübədə tətbiqi imkanlarını araşdırır. Qurum tərəfindən bu sahədə innovativ tədbirlərin həyata keçirilməsi prosesi başlayıb və bu proses qlobal çağırışlara uyğun olaraq daim təkmilləşdirilir.
Gülay NƏBİYEVA