Bəzi bazar subyektləri tərəfindən antiinhisar qanunvericiliyinin pozulması əlamətləri müəyyən edilib

2023.07.24 17:39 (UTC+04:00)

Bu ilin yanvar-iyun ayları ərzində “Haqsız rəqabət haqqında” Qanunun tələblərinin pozulması ilə əlaqədar aparılan bazar araşdırması və daxil olmuş müraciətlərin araşdırılması zamanı bir sıra bazar subyektləri tərəfindən antiinhisar qanunvericiliyinin pozulması əlamətləri müəyyən edilib və nəticədə 19 bazar subyektinə qarşı 19 iş qaldırılıb.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Twitter” hesabında yazıb.

Xidmət rəisi bildirib ki, istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrə qaldırılan işlərin sayı (10 iş) üstünlük təşkil edib.

“İstehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunmaqla haqsız rəqabətə yol vermə əlamətləri üzrə 4 iş, digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrə 5 iş qaldırılıb”, - M.Abbasbəyli qeyd edib.

Xidmət rəisi əlavə edib ki, ötən ilin müvafiq dövründə 19 bazar subyektinə qarşı qaldırılmış 18 iş üzrə digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol vermə (10 iş) say etibarilə üstünlük təşkil edib.