Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, istedadlı kadrların seçilməsi və inkişaf etdirilməsi, ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu il “Yüksəliş” müsabiqəsinin finalçıları arasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin Əlaqələndirmə şöbəsinin rəisi Altay Rəhimov da var.
A.Rəhimovun sözlərinə görə, müsabiqədə iştirak etmək üçün müvafiq meyarlara uyğun gəldiyini müəyyən etdikdən sonra özünü bu yarışda sınamaq qərarına gəlib. 2022-ci ildə keçirilən ikinci “Yüksəliş” müsabiqəsinin yarımfinalçısı, 2023-cü ildə keçirilən üçüncü “Yüksəliş” müsabiqəsinin isə 13474 iştirakçısı arasında 109 finalçıdan biri olub.
“Yüksəliş” müsabiqəsi onlayn mərhələdə ümumi dünyagörüşü olmaqla Azərbaycan və dünya tarixi, coğrafiyası, ədəbiyyatı və mədəniyyəti, hüquq, iqtisadiyyat və müasir trendlər mövzu blokları üzrə ümumi biliklər, verbal və rəqəmsal məlumatlarla işləmək bacarığı, abstrakt və məntiqi düşüncə mövzu blokları üzrə qabiliyyət imtahanı, əyani mərhələdə qabiliyyət imtahanı üzrə əldə edilən nəticənin yoxlanması və idarəetmə bacarıqları, yarımfinal və final mərhələlərində isə liderlik, strateji düşüncə, nəticəyönümlülük, effektivliyin idarə edilməsi, komanda işi, kommunikasiya, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, sosial məsuliyyət kimi rəhbərə xas səriştələrin real keyslər üzərində yoxlanması kimi gərgin mübarizə yolundan keçir: “Qeyd edim ki, müsabiqənin ilkin mərhələlərində uğur qazanmaq üçün müəyyən hazırlıq və vərdişlərin inkişafı müəyyən qədər effektiv olsa da, sonrakı mərhələlərdə uğur qazanmaq üçün qısa müddət ərzində tələb olunan səriştələri formalaşdırmaq faktiki olaraq qeyri-mümkündür. Odur ki, yalnız həyat boyu qazanılan təcrübə və işgüzar keyfiyyətlər yekunda uğurun açarı ola bilər. Bu baxımdan çalışdığım Dövlət Vergi Xidmətinin Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin fəaliyyət istiqamətləri, xüsusilə regional qurumlarla işləməyin spesifik çətinlikləri, idarəetmə və əlaqələndirmə işində qazandığım təcrübə müsabiqədə sonadək irəliləməyimdə əvəzsiz töhfə olub. Dövlət Vergi Xidmətinin rəhbərliyinə, çalışdığım Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin, eləcə də İnsan resursları baş idarəsinin rəhbərliyinə müsabiqədə iştirak zamanı yaradılan şərait, göstərilən diqqət və qayğıya görə dərin təşəkkürümü bildirirəm”.
A.Rəhimov qeyd edib ki, üç dəfə keçirilən “Yüksəliş” müsabiqəsi təsis olunarkən beynəlxalq təcrübədə artıq təsdiqini tapmış müsbət analogiyaya əsaslanıb. Belə ki, Rusiya Federasiyasında yeni nəsil idarəçilərin müəyyən edilməsi və inkişafı məqsədilə 2017-ci ildən başlayaraq “Liderı Rossii” müsabiqəsi keçirilir. Müsbət beynəlxalq təcrübənin tətbiqi ilə başlanan müsabiqə öz inkişaf yoluna qədəm qoyub, ildən-ilə təkmilləşib: “Çox sevindirici haldır ki, bu dəfəki müsabiqənin son mərhələlərində tapşırıq keyslərindən biri müsabiqənin təkmilləşdirilməsi və yeni çağırışlara cavab verməsi istiqamətində iştirakçıların təkliflərinə həsr edilmişdi. Bu isə bir daha onu sübut edir ki, müsabiqənin Təşkilat Komitəsi və İşçi qrupu yeniliklərin və dəyişikliklərin tətbiqində, müsabiqənin müasir zamanın tələblərinə, yeni çağırışlara çevik adaptasiyasında maraqlıdır. Təqdirəlayiq haldır ki, İqtisadiyyat Nazirliyinin əməkdaşlarının potensialından səmərəli istifadə, onların hərtərəfli inkişafı və peşə hazırlığının artırılması, yeni nəsil idarəçilərin hazırlanması və yüksək potensiallı əməkdaşlardan rəhbər vəzifələr üçün ehtiyat kadrlar bazasının formalaşdırılması məqsədilə iqtisadiyyat nazirinin müvafiq əmrinə əsasən, “Uğur yolu” karyera inkişafı proqramının həyata keçirilməsinə başlanılıb. İlk iki müsabiqənin nəticələrinə əsasən, qalib adını qazanmış həmkarlarım müvafiq inkişaf proqramından yararlanmaqdadırlar. Bununla yanaşı, Dövlət Vergi Xidmətində idarəetmə bacarıqları və bilik səviyyəsi yüksək olan əməkdaşlar sırasından yuxarı menecer vəzifələri üçün ehtiyat kadrlar bazasının formalaşdırılması məqsədilə müsabiqənin keçirilməsi və bu kimi digər layihələr çalışdığım qurumun rəhbərliyinin insan kapitalının inkişafı istiqamətində ortaya qoyduğu iradənin bariz nümunəsidir”.
A.Rəhimov üçüncü “Yüksəliş” müsabiqəsində qalib ola bilməsə də, müsabiqənin miqyasını, ölkə üzrə əhəmiyyətini nəzərə almaqla, yarışı on dörd minə yaxın iştirakçı arasında top yüzlükdə bitirməyi özü üçün qürurverici hal sayır. Onun fikrincə, bu müsabiqədə iştirak etməklə qazandıqları həm dövlət, həm də özəl sektorda qabaqcıl mövqelərdə çalışan proqressiv insanlar ilə tanışlıq və dostluq əlaqələrinin qurulması, müxtəlif bilik və bacarıqların əldə edilməsi, çox faydalı təcrübə və xoş təəssüratlar oldu. A.Rəhimov həmkarlarına öz potensiallarını dəyərləndirmək üçün təqdim olunan fürsətdən maksimum faydalanaraq növbəti müsabiqələrdə iştirak etməyi tövsiyə edib.
İlhamə İSABALAYEVA