Yığım sığortasına ödənilən məbləğdən vergi tutulurmu?

2019.06.10 17:33 (UTC+04:00)

Vergi Məcəlləsinə və "Sosial sığorta haqqında" Qanuna edilmiş son dəyişikliklər nəticəsində 3 ildən az olmayan müddətə bağlanılan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb edilən gəlirlərin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları fiziki şəxslərin gəlir vergisi və sosial ayırmadan azaddır.

Bu dəyişikliyin təcrübədə tətbiqi ilə bağlı fikirlər fərqlidir. Məsələn, tutaq ki, neft-qaz sektorunda çalışan işçinin əməkhaqqı 2.000 manatdır. Bəziləri hesab edir ki, bu zaman həmin məbləğin 50 faizindən, yəni 1000 manatdan çox olmayan hissəsi həyatın yığım sığortasına ödənilərsə, həmin hissə gəlir vergisindən azaddır. Həmçinin 1.000 manatın 22 faizi də yığım sığortasına cəlb edilir. Digər fikrin tərəfdarları isə hesab edirlər ki, 2.000 manatın 22 faizi, yəni 440 manat işçinin gəliri hesab edildiyindən, 2.440 manatın 50 faizindən, yəni 1.220 manatdan gəlir vergisi və sosial ayırma hesablanmalıdır.

Bununla bağlı vergi ödəyicilərinin "vergiler.az"a ünvanladığı sualları Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov cavablandırıb: "Əgər işçinin aylıq əməkhaqqı 2.000 manatdırsa və işəgötürən bunun 50 faizdən çox olmayan hissəsini, yəni 1.000 manatını sığorta şirkətinə ödəyirsə, həmin 1.000 manatlıq hissə gəlir vergisi və sosial ayırmalardan azad edilir. Lakin təcrübədə belə hallar da olur ki, işəgötürənlər həmin əməkhaqqının üzərinə sosial sığorta ayırmalarını da gələrək sığorta şirkətlərinə ödəyirlər. Bəzən sığorta şirkətinə ödənilən 1.000 manatın üzərinə azad olunan məbləğ - yəni 22 faizi – 220 manat gəlməklə sığorta şirkətinə ödəyir. Bəs bu halda işçinin gəliri necə hesablanmalıdır? İşçinin aylıq əməkhaqqı 2.000 manat olduğu üçün onun üzərinə sığorta şirkətinə ödənilən 220 manat da əlavə edilir. Beləliklə, işçinin gəliri 2.220 manat olur. Bu halda qanunvericiliyin tələbinə uyğun olaraq, onun 50 faizindən çox olmayan hissəsi, yəni 1.110 manat gəlir vergisi və sosial sığorta ayırmalarından azad edilir. Bizim misalda sığorta şirkətinə 1.220 manat ödənildiyi üçün onun yalnız 1.110 manatı gəlir vergisindən və sosial sığorta ayırmalarından azad ediləcək".