Qonaqlama və ictimai iaşə xidmətləri üçün çəkilən xərclər gəlirdən çıxılırmı?

2023.07.18 11:51 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən, bu Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən, əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

Göründüyü kimi vergi ödəyicisi tərəfindən gəlirin əldə edilməsi ilə bağlı olmayan çəkilmiş xərclər (qonaqlama xərcləri) onun gəlirdən çıxılan xərclərinə aid edilmir və cəmiyyətin sərbəst mənfəəti hesabına maliyyələşir.

Eyni zamanda, Vergi Məcəlləsinin 175.3-cü maddəsinə əsasən Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulan xərclər çəkiləndə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 109-cu və 175-ci maddələri.