Müəssisə mütəmadi olaraq təhsilin inkişafı ilə bağlı müxtəlif təhsil müəssisələrinə maddi yardımlar ayırır. Həmin məbləğlər müəssisənin gəlirdən çıxılan xərcidirmi?
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi - 2019-cu il 1 yanvar tarixdən 10 il müddətinə mənfəət vergisindən azaddır. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir.
Əsas: Vergi Məcəlləsi, 106.1.18-ci maddə
Misal:
"A" MMC təhsilin inkişafı məqsədilə təhsil müəssisəsinin bank hesabına 5.000 manat vəsaiti nağdsız qaydada köçürür. Hesabat ilinin yekunlarına görə "A" MMC 40.000 manat vergiyə cəlb olunan mənfəət əldə edib. "A" MMC-nin təhsil müəssisəsinə köçürdüyü 5.000 manatlıq vəsaitin 4.000 manatı (mənfəətin 10%-dən çox olmayan hissəsi) onun vergiyə cəlb olunan mənfəətindən çıxılır:
40.000 - 4.000 (40.000 x 10% = 4.000) = 36.000