- Qarabağın bərpası, dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə dövlət başçısının 2021-ci il 28 may tarixli fərmanı ilə 190 hektar ərazidə Ağdam Sənaye Parkı, 2021-ci il 4 oktyabr fərmanı ilə isə Cəbrayıl rayonunda 200 hektar ərazidə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Sənaye parklarının prioritet istiqamətləri nələrdir?
- Bu sənaye parkları yaradılarkən, ölkədəki mövcud digər sənaye parklarında olduğu kimi, prioritet istiqamətləri müəyyən edilib. Ağdam Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında isə logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır.
- Qeyd edilən sənaye parklarına sahibkarlar tərəfindən göstərilən maraq necədir?
- Həm Ağdam Sənaye Parkına, həm də “Araz Vadisi İqtisadi Zonası”na sahibkarlar tərəfindən göstərilən maraq böyükdür. Hazırda Ağdam Sənaye Parkının 17 rezidenti və 5 qeyri-rezidenti var. Bu investorlar tərəfindən Sənaye Parkına 161 milyon manatdan çox investisiyanın yatırılması, 1400-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Ağdam Sənaye Parkının 17 rezidenti və 5 qeyri-rezidenti var. Bu investorlar
tərəfindən Sənaye Parkına 161 milyon manatdan çox investisiyanın yatırılması,
1400-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Sahibkarlar tərəfindən Ağdam Sənaye Parkında müxtəlif ölçüdə metal profillərin, eləcə də anbar stellajlarının, boru və qutu profillərin, alçı, eksteryer suvaq, dolğu və izolyasiya materiallarının, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların, müxtəlif növ dəmir məmulatların, elektrik paylayıcı avadanlıqların və elektrik yuvaların, avtomatlaşdırma və telemexanika sistemlərinin, divar kağızlarının, müxtəlif çeşiddə sintetik xalçaların, prefabrik dəmir-beton məmulatların və s. istehsalı müəssisələri inşa ediləcək.
- Bu sənaye parklarının rezidentlərindən istehsala başlayan var?
- Ağdam Sənaye Parkının qeyri-rezidenti “Yüksəl Beton” QSC tərəfindən Sənaye Parkının ərazisində beton istehsalı müəssisəsi inşa edilib, məhsulun topdan və pərakəndə satışına başlanılıb. Şirkətin istehsal etdiyi beton məhsulu Ağdam Sənaye Parkı ilə yanaşı, rayonda aparılan tikinti-quraşdırma işlərində də istifadə olunur.
Bundan başqa, Sənaye Parkının rezidentlərinin bir çoxu tərəfindən tikinti işlərinə başlanılıb və işlər sürətlə davam etdirilir. Bəzilərində isə layihələndirmə işləri aparılır, tezliklə onların da tikinti işlərinə başlamaları nəzərdə tutulur.
Rezidentlər tərəfindən inşası davam edən ilk müəssisənin 2023-2024-cü illərdə fəaliyyətə başlaması planlaşdırılır.
- Sənaye parklarında rezidentlərin fəaliyyəti üçün hansı şərait yaradılıb?
- Məlumat üçün bildirirəm ki, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında rezidentlərin rahat fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılır. Onlar dövlət vəsaiti hesabına infrastrukturla (qaz, işıq, su, kanalizasiya, daxili avtomobil və dəmir yolları və s.) təmin edilir. Ağdam Sənaye Parkında indiyədək 88 nəfərlik yataqxana, 36 nəfərlik (1 oturum) yeməkxana, 2 sanitar qovşağı, 2 anbar, 2 market, 2 söhbətgah, 2 ofis, bərbərxana, çamaşırxana, tibb məntəqəsi, aptek, "paypoint" ödəniş məntəqəsi, bankomat, idman zonasından ibarət sosial zona və mobilizasiya şəhərciyinin qurulması işləri tamamlanıb; 2 ədəd 400 kV-luq, 1 ədəd 630 kV-luq komplekt transformator məntəqəsi quraşdırılıb və 40 MVA 110/35/6 elektrik yarımstansiyasının özül çalasının torpaq işləri başa çatıb. Sənaye Parkı sürətli internetlə təmin edilib. Tikinti aparılan sahənin su ilə təmin edilməsi məqsədilə 350 metr dərinliyində subartezian quyusu qazılıb, yaxın günlərdə ikinci quyunun da qazılması işlərinə başlanılacaq.
200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının isə hazırda 5 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq Sənaye Parkına 32 milyon manatdan çox investisiyanın yatırılması, 400-dən artıq iş yerinin yaradılması planlaşdırılır.
200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası” Sənaye
Parkının isə hazırda 5 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar
tərəfindən ümumi olaraq Sənaye Parkına 32 milyon manatdan çox
investisiyanın yatırılması, 400-dən artıq iş yerinin yaradılması planlaşdırılır.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında da fəaliyyət göstərəcək işçilərin və sahibkarların rahatlığının təmin edilməsi məqsədilə mobil şəhərcik salınıb. Şəhərcikdə yataqxana, yeməkxana, ofis, tibb məntəqəsi və aptek, market, qarışıq mallar mağazası, anbar, camaşırxana, bərbərxana, nəzarət buraxılış məntəqəsi quraşdırılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri görülüb. Sənaye Parkının ərazisində tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədilə subartezian quyusu qazılıb. Ərazidə 630 kilovoltluq transformator məntəqəsi quraşdırılıb. Parkın işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir.
Bundan başqa, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında hazırda rezidentlər üçün infrastrukturun qurulması istiqamətində işlər aparılır. İnzibati binanın tikintisi davam etdirilir.
Artıq Sənaye Parkının bir rezidenti - “Avto Lizinq Azərbaycan” MMC fəaliyyətə başlayıb. Cari ilin iyununda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun iştirakı ilə Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışı mərasimi keçirilib.
Mərkəzdə işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan 1500-dək avtomobilə, həmçinin yüklərin daşınmasını həyata keçirəcək tranzit avtomobillərə və digər texnikalara peşəkar xidmət göstəriləcək.
Bir daha xatırlatmaq istəyirəm ki, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında, ölkədəki mövcud digər sənaye parklarında olduğu kimi, sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırılır. Eyni zamanda, qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Həmçinin bu il yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün əlavə güzəştlər tətbiq edilir. Buraya sosial sığorta haqlarının subsidiyalaşdırılması, işğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə hər il 5 gün əlavə məzuniyyət verilməsi; aylıq vəzifə maaşına əlavələrin hesablanması; 600 manat birdəfəlik müavinət verilməsi, iş icazələrinin alınmasının sadələşdirilməsi, əmək miqrasiyası kvotasının tətbiq edilməməsi (əcnəbi mütəxəssislərə əmək miqrasiyası kvotasının 5 il tətbiq edilməməsi) də daxildir. İşğaldan azad edilmiş ərazidə fəaliyyət göstərən sahibkar tərəfindən istehsal prosesində istifadə ediləcək bir sıra xammal və materialların idxalı 10 il müddətinə ƏDV-dən azad olunur.
Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında,
ölkədəki mövcud digər sənaye parklarında olduğu kimi,
sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırılır.
Həmçinin, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödəniləcək.
İlhamə İSABALAYEVA