“Mingəçevir Tekstil” öz fabriklərinin istehsal güclərini artıracaq

2023.07.11 10:24 (UTC+04:00)

İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyində olan Mingəçevir Sənaye Parkının rezidenti “Mingəçevir Tekstil” MMC fabriklərinin istehsal güclərini artıracaq.

MMC-dən “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına verilən məlumata görə, bu ilin sonuna kimi istehsal gücünün artırılması layihəsi üzrə aparılan işlər tamamlanacaq. Hazırda müəssisənin iplik istehsalı ilə məşğul olan “Ring Spining” və “OpenEnd” fabriklərinin illik istehsal gücü 1200-1300 tondur. Bu fabriklərin illik istehsal güclərinin 1400-1500 tona çatdırılması nəzərdə tutulur. Hər iki fabrikin ipliklərinin cütləmə xidmətini göstərən “Svio SSM” fabrikinin isə 250-300 ton cütləmə istehsalı gücü var.

Müəssisənin “Ring Spining” və “OpenEnd” fabriklərində Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında iplik istehsal edilir.

“Mingəçevir Tekstil” MMC-nin əsas sifarişçisi “MKT İK” MMC-dir. Onun istehsal etdiyi ipliklərin satışını da “MKT İK” MMC həyata keçirir. Müəssisə “MKT” İK MMC ilə 2021-ci ildən davam edən xidməti müqavilə əsasında əməkdaşlıq edir. İstehsal üçün tələb olunan xammal və taranı da “Mingəçevir Tekstil”ə “MKT İK” MMC göndərir.