BVF: ticarət anlaşmazlıqları ABŞ iqtisadiyyatı üçün risk yaradır

2019.06.08 18:03 (UTC+04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ-ın iqtisadi siyasətini qiymətləndirərək ticarət anlaşmazlıqlarının gərginləşməsinin və maliyyə bazarlarında yaranan qəfil çətinliyin ABŞ iqtisadiyyatına ciddi risk yaradacağı barədə xəbərdarlıq edib.
BVF-nin hesabatında ABŞ iqtisadiyyatı üçün 2019-cu ildə artım səviyyəsi 2,6 faiz müəyyənləşdirilsə də, bəzi amillərin bu müsbət mənzərəyə təhlükə yaratdığı qeyd olunub.

Hesabatda ABŞ-ın gömrük vergilərini artırmaqla qlobal ticarət əlaqələrinə nəzarət etmək səyləri kəskin tənqid olunub və Çin ilə ticarət anlaşmazlıqlarının aradan qaldırılmasının əhəmiyyəti vurğulanıb. Sənəddə "ABŞ rəhbərliyinin idxal vergilərini artırması və atdığı digər addımlar qlobal ticarət sistemini baltalayır" ifadəsi işlədilib.

BVF-nin hesabatında ABŞ-ın maliyyə sisteminin ağırlaşmağa başlayan maliyyə şərtlərinə qarşı həssas olduğuna işarə edilərək, maliyyə sisteminin sağlam görünməsinə baxmayaraq, diqqət maliyyə sabitliyinə qarşı ortamüddətli risklərin artdığına yönəldilib.