İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin tətbiqi Vergilər Nazirliyinin 12.06.2017-ci il tarixli 1717050000009300 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş (İqtisadiyyat Nazirliyinin Kollegiyasının 27 dekabr 2021-ci il tarixli 21 nömrəli Qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” (bundan sonra - Qaydalar) ilə tənzimlənir.
Qaydaların 5.3-cü bəndinə əsasən, DTA-03 forması gəlirin ödənildiyi cari rüb bitənədək təqdim edilməli və həmin müraciətə qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı, gəlirin ödənilməsinə əsas verən bütün təsdiqedici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər, gəlir ödəyən şəxsdən görülmüş və ya görüləcək işlər (xidmətlər) barədə arayış və s.) bu Qaydaların 8.9 – 8.13-cü bəndlərinə müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir.
Göstərilənləri nəzərə alaraq, bildirilib ki, əgər vergi ödəyicisi rüb bitməmiş DTA-03 forması ilə vergi orqanına müraciət edirsə və həmin rüb ərzində aparılan ödəmələrlə bağlı “Razılıq məktubu” əldə edibdirsə, müvafiq razılıq məktubunda qeyd olunan müddətlər çərçivəsində aparılan ödəmələrə münasibətdə aşağı vergi dərəcəsini və ya vergidən tam azadolmanı tətbiq edə bilər.