Ailə kəndli təsərrüfatlarına ödənilən vəsait barədə bələdiyyələrə məlumat verilməlidir

2019.06.07 17:26 (UTC+04:00)

Vergi ödəyicisi kənd təsərrrüfatı istehsalçısından mal aldıqda onun kənd təsərrüfatı istehsalçısı olduğunu sübut edən sənəd kimi nə tələb etməlidir? Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov bu suala aydınlıq gətirib:

- Burada iki məsələni aydınlaşdırmaq lazımdır. Vergi ödəyicisi həm adi qaydada kənd təsərrüfatı məhsulları istehsal edən fiziki şəxslərdən, həm də ailə kəndli təsərrüfatlarından bu məhsulları ala bilər. Əgər vergi ödəyicisi kənd təsərrüfatı məhsullarını fiziki şəxslərdən alırsa, bu zaman malların alış aktı, ciddi hesabat blankları üzrə alğı-satqı həyata keçirilməlidir. Həmin fiziki şəxsin adı, soyadı, şəxsiyyət vəsiqəsinin rekvizitləri, o cümlədən alınmış malların tərkibi qeyd edılməlidir.

Bundan əlavə, kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaqların təsdiqedici sənədləri də alış aktına əlavə edilməlidir. Ödənilən məbləğlər barədə isə ödəyən şəxs tərəfindən vergi orqanlarına məlumat verilməlidir.
Bundan başqa, ailə kəndli təsərrüfatlarında istehsal edilən kənd təsərrüfatı malları da alına bilər. Həmin təsərrüfatların illik dövriyyəsi müəyyən edilmiş həddi keçmədikdə, onlar sahibkarlıq statusu daşımır və adi rejimdə fəaliyyət göstərirlər, yəni vergi ödəyicisi hesab olunmurlar. Əgər dövriyyə müəyyənləşdirilmiş həddi keçmirsə, bu halda ailə kəndli təsərrüfatları bələdiyyələrdə qeydiyyata alınır və onlara bələdiyyələrin qeydiyyat vəsiqəsi verilir. Həmin şəxslərdən mal aldıqda yuxarıda sadalanan sənədlərlə birgə bələdiyyənin verdiyi qeydiyyat vəsiqəsi də sənədlərə əlavə edilməli, ailə kəndli təsərrüatlarına ödənilən vəsait barədə bələdiyyələrə məlumat verilməlidir.