Kənd təsərrüfatı ilə məşğul olan şəxslərin uçotu əsasən üç formada aparılır:
- Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlan istifadə edən;
- Vergi orqanlarında uçota alınaraq sahıbkarlıq fəaliyyəti ilə məşğul olan;
- Ailə kəndli təsərrüfatları kimi uçota alınan.
Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərə sırf öz ehtiyacları üçün kənd təsərrüfatı ilə məşğul olanlar aid edilir. Bu şəxslər pay torpaqlarında becərdikləri məhsuldan sahibkarlıq məqsədləri üçün istifadə etmirlər.
Vergi orqanlarında uçota alınaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər - Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri 2014-cü il yanvarın 1-dən 10 il müddətinə vergidən azaddır. Azadolmaya baxmayaraq, bu tip vergi ödəyiciləri gəlir və xərclərinin uçotunu aparmalı və vergi orqanlarına bəyan etməlidirlər.
Ailə kəndli təsərrüfatları kimi uçota alınan şəxslər isə ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətini (məhsulların istehsalını, emalını, saxlanmasını, daşınmasını və satılmasını) birgə həyata keçirirlər.
Ailə kənd təsərrüfatı ilə bağlı qanunvericilikdə diqqət yetirməli məqamlar aşağıdakılardır:
- Bütün iqtisadi fəaliyyət növləri ilə məşğul ola bilərlər və onların fəaliyyəti sahibkarlıq sayılmır;
- Kənd yerlərində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıqla məşğul olan fiziki şəxslər və bağçılıq təsərrüfatları ailə kəndli təsərrüfatına aid edilmir;
- Ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi Nazirlər Kabineti tərəfindən müəyyən edilib. 12 iyun 2013-cü ildən etibarən ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi bu təsərrüfatın bir üzvü üçün 5.000 manat miqdarında müəyyən olunub;
- Ailə kəndli təsərrüfatının uçotunu müvafiq ərazilər üzrə bələdiyyələr aparır;
- Ailə kəndli təsərrüfatı üzvləri Sosial sığorta şəhadətnaməsi əldə etməlidir;
- Ailə kəndli təsərrüfatı üzvlərinin vəsiqələri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən elektron formada tərtib edilir və bələdiyyələr həmin sənədin elektron formada yüklənməsini həyata keçirirlər;
- Təsərrüfatın başçısı illik dövriyyə barədə məlumatı statistika orqanının müəyyən etdiyi formada növbəti il yanvarın 20-dən gec olmayaraq uçotda olduğu bələdiyyə orqanına təqdim etməlidir;
- İllik dövriyyəsinin müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddən çox olmasına görə statusunu itirmiş ailə kəndli təsərrüfatları barədə məlumatlar bu statusun itirildiyi gündən sonrakı 3 gün müddətində bələdiyyə tərəfindən müvafiq ərazi vergi orqanına təqdim edilir.
Göründüyü kimi, ailə kəndli təsərrüfatının üzvü Kənd Təsərrüfatı Nazirliyi tərəfindən elektron formada tərtib olunan və müvafiq bələdiyyə tərəfindən təqdim edilən vəsiqəyə malik olmalıdır. Bu cür vəsiqəyə malik olmayan və kənd təsərrüfatı satışını həyata keçirən şəxslər sahibkarlıq fəaliyyətinə görə vergi orqanlarında uçota durmalıdırlar.
Mənbə: Anar Bayramov: “Vergi uçotu” kitabı