“İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mağaza daxilində hər hansı endirim kampaniyasının keçirilməsinə nəzarət etmir”. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Dövlət Xidmətinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Roman Qaraşov deyib.
Onun sözlərinə görə, kampaniyanın keçirilməsi hər bir sahibkarın müstəqil qərarından asılıdır. Endirim kampaniyasının şərtlərinə əməl etmək isə sahibkarların vəzifəsidir.
R.Qaraşov qeyd edib ki, endirim zamanı məhsulun üzərində onun əvvəlki və sonrakı qiyməti mütləq qeyd olunmalıdır: “Verilən məlumatlar doğru-düzgün olmalı, istehlakçılar aldadılmamalıdır. Qeyd edim ki, ölkədə qiymət nəzarəti bütün mallara və xidmətlərə münasibətdə həyata keçirilmir, reyestr üzərindən hər hansı yoxlama mexanizmi mövcud deyil. Bu səbəbdən də endirim kampaniyaları zamanı qiymətlərin həqiqi olub-olmamasını yoxlamaq çətinlik yaradır”.
R.Qaraşov bildirib ki, endirim kampaniyalarının düzgün aparılıb-aparılmaması yalnız fərdi müraciətlər əsasında, sübutlar təqdim edildikdə araşdırıla bilər: “Dövlət tərəfindən yalnız tarifləri tənzimlənən məhsulların qiymətlərinə nəzarət edilir. Endirim kampaniyaları ilə bağlı dövlət tərəfindən hər hansı planlı yoxlamalar aparılmır. Buna görə də vətəndaş fakt təqdim edib müraciət edərsə, Dövlət Xidməti yalançı reklam və ya istehlakçıların aldadılması hallarına görə sahibkarı məsuliyyətə cəlb edə bilər”.
İlhamə İSABALAYEVA