Son günlər ölkə ərazisində havaların qeyri-sabit keçməsi nəticəsində kənd təsərrüfatı sahələrinə dəyən zərərlə bağlı Aqrar Sığorta Fonduna daxil olan müraciətlərin sayı artıb.
Bölgələrdə yağan leysan yağışları, sel-subasma, güclü külək, dolu hadisələri nəticəsində fermer təsərrüfatlarına ziyan dəyib.
Təbiət hadisələrindən Gədəbəy, Daşkəsən, Tovuz, Gəncə, Göygöl, Naftalan, Yevlax, Qusar, Quba, Goranboy, Şabran, Şəki, Qax, Cəlilabad rayonlarının fermerləri də zərər çəkib. Güclü külək, leysan, subasma, dolu düşməsi nəticəsində xeyli sayda təsərrüfata ziyan dəyib. Qeyd edək ki, ölkə üzrə daha çox müraciət Şəki-Zaqatala, Dağlıq Şirvan və Qarabağ iqtisadi rayonlarından daxil olub.
İlin əvvəlindən Aqrar Sığorta Fonduna 900-dən çox müraciət daxil olub ki, bunun da yarıdan çoxu may-iyun aylarında qeydə alınıb.
Hazırda Aqrar Sığorta Fondu tərəfindən ölkə üzrə 400 min hektar əkin ərazisi sığortalanıb. Baş verən hadisələrlə bağlı müstəqil aqrar sığorta ekspertləri bölgələrə ezam olunublar. Hazırda dəymiş zərərin qiymətləndirilməsi prosesi davam edir. Payızlıq və yazlıq əkinlərin biçin dövrü olduğu üçün öncədən zərər görmüş əkin sahələrində də yekun qiymətləndirmə aparılır. Bu proses yekunlaşdıqdan sonra fermerlərə dəyən zərərlər ödəniləcək.