Türkiyə Mərkəzi Bankının sədri inflyasiyanı azaltmaq üçün yol xəritəsini açıqlayıb

2023.06.24 12:52 (UTC+04:00)

Türkiyə Mərkəzi Bankının yeni təyin olunmuş sədri Hafizə Qayə Erkan faiz artımından sonra bank rəhbərləri ilə görüşüb. Bank problemlərinin müzakirə edildiyi görüşdə H.Q.Erkan bank sektoru təmsilçilərinin tələblərini və problemlərin həlli ilə bağlı təkliflərini dinləyib. Görüşdən sonra qısa açıqlama verən Mərkəzi Bank sədri inflyasiyanı qiymət və maliyyə sabitliyini təmin etməklə azaldacaqlarını bildirib.

O, deyib: "Bank sektorumuzun təmsilçiləri ilə bir araya gəldik və çox məhsuldar bir görüş oldu. Onlar bizə makro-prudensial çərçivənin sadələşdirilməsi prosesində öz problemlərini və tələblərini bildirdilər. Əminəm ki, hökumətimizin qarşıya qoyduğu iqtisadi hədəflərə uyğun olaraq inflyasiya ilə mübarizə aparmaq üçün bütün iqtisadi strukturlarımız fəaliyyətə başlamışdır və hədəflərimizə məqsədyönlü şəkildə sabit və qətiyyətlə çatacağımıza inanıram. Bu səbəbdən də qiymət sabitliyi maliyyə sabitliyi üçün çox önəmlidir. Biz həm qiymət sabitliyini, həm də maliyyə sabitliyini təmin etməklə inflyasiya ilə mübarizə aparacağıq”.

Qeyd edək ki, Hafizə Qayə Erkan Mərkəzi Bankın sədri vəzifəsinə təyin olunduqdan sonra faizlə bağlı qərar verilib, pul siyasəti faizi 650 bənd artırılaraq 8,5 faizdən 15 faizə yüksəldilib. Qərarın ardınca lirənin kursu kəskin aşağı düşüb, bir dolların qiyməti 25 lirəni keçib.