İ.Əliyevin sözlərinə görə, yeni qanunun qəbul edilməsi tək banklarda deyil, ödənişlərin qəbulu ilə məşğul olan bütün maliyyə qurumlarında kibertəhlükəsizlik risklərinin azalmasına imkan verəcək.
Qanun layihəsinin çox təkmil formada hazırlandığını deyən ekspert bunun günün tələbi olduğunu vurğulayıb. Onun fikrincə, yeni qanunla fintexlərin də səlahiyyətləri dəqiqləşəcək: “İndiyədək fintex şirkətlərin fəaliyyətini tənzimləyən bir normativ yoxdur. Ona görə də konseptual normativin olmasına, bazarın oyun qaydalarının müəyyənləşməsinə ehtiyac var. Çünki bu gün fintex şirkətləri klassik bankçılığın müəyyən xidmətlərini elektron formada təşkil edirlər. Amma buna necə nəzarət olunmalıdır? Bunun riskləri nədir, riskləri necə minimallaşdırmaq lazımdır? Bu qəbildən suallara cavab almaq baxımdan qanunvericilik aktının olması zəruridir”.
İ.Əliyev “Ödəniş sistemləri və ödəniş təşkilatları haqqında” Qanunun qəbul olunmasının banklar üçün də faydalı olacağını, banklarla fintex şirkətlərinin sinxron fəaliyyət göstərməsinə imkan verəcəyini qeyd edib.