Azərbaycan iqtisadiyyatının neft və qeyri-neft sektorunun inkişafının nəticəsidir ki, ilk dəfə dövlət və özəl sektorda bağlanılan əmək müqavilələrinin sayı bərabərləşib.
Bu sözləri “İnsan resursları zirvəsi 2023” forumunda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.
O bildirib ki, bu fakt iqtisadiyyatın şaxələndirilməsi və inkişafı baxımından vacibdir. Eyni zamanda, bu, ölkədə özəl sektorun iqtisadi inkişafdakı əhəmiyyətini və imkanlarının getdikcə artdığını ortaya çıxarır. Özəl müəssisələrin sayının davamlı artımı və inkişafı onların Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynamasından xəbər verir.
“Bu nailiyyət dövlət və özəl sektor arasında əməkdaşlıq əlaqələrinin inkişafı üçün yeni və böyük perspektivlər açır. Azərbaycanın iqtisadi sabitliyinə və yüksəlişinə töhfə verir, eləcə də iqtisadi inkişafın dayanıqlı olmasını təmin edir”, - deyə Elnur Əliyev əlavə edib.
AZƏRTAC