Blokçeyn texnologiyalarının tətbiqi aktuallaşır

2018.12.17 18:50 (UTC+04:00)

Dekabrın 7-də "Blokçeyn Azərbaycan" Mərkəzi Azərbaycanda ilk dəfə olaraq Blokçeyn Beynəlxalq Konfransını təşkil edib. Dövlət qurumları, bank və maliyyə sektorunun nümayəndələrinin, yerli və xarici ekspertlərin, blokçeyn üzrə mütəxəssislərin iştirak etdiyi tədbirdə blokçeyn texnologiyasının tətbiqi və inkişaf perspektivləri müzakirə olunub. Konfransda İsveçrə, Rusiya, Türkiyə və Azərbaycan nümayəndələrinin çıxışları dinlənilib. "Blokçeyn Azərbaycan" Mərkəzinin rəhbəri Orxan Məmmədov bildirib ki, "Rəqəmsal hökumət" quruculuğu istiqamətində nəzərdə tutulan əsas layihələrdən biri müasir maliyyə texnologiyalarının tətbiqinin genişləndirilməsidir. Bu istiqamətdə qarşıya qoyulmuş prioritetlərdən biri də blokçeyn platformasının yaradılmasıdır.

Tədbirdə qeyd olunub ki, blokçeyn texnologiyaları vergi sistemində yeni yanaşmaları ortaya çıxarır, bir sıra məsələlərin nəzərə alınmasını zəruri edir. Vergi inzibatçılığında qlobal meyillər və rəqəmsal transformasiyalar, vergi ödəyiciləri ilə münasibətlərin qurulmasında müasir texnologiyalardan istifadə edilməsi, blokçeyn və onun mövcud potensialı bu gün xüsusi aktuallıq kəsb edir. Konfransda Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət Departamentinin baş direktoru Elçin Məmmədov, həmin departamentin əməkdaşı Kamil Həsənov, Tədris Mərkəzinin elmi-tədqiqat işləri üzrə rəis müavini Mirəli Kazımov, aparıcı mütəxəssis Mustafa Hümmətov iştirak ediblər.