Vergi Məcəlləsinə 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın güzəştlərinin əhatə dairəsi genişləndirilib.
1) Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından (o cümlədən sənaye üsulu ilə) alınan gəlirlər, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar gəlir vergisindən azad edilir.
Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə dəyişiklikdə 3 məqam əsas götürülüb.
Birinci, Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə edilən əlavə nəticəsində kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə istehsalı da azadolmanın əhatə dairəsinə daxil edilib. Fikrimizcə, buraya “sənaye üsulu” anlayışının daxil edilməsi redaktə xarakteri daşıyır. Çünki kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mənfəət və ƏDV güzəştlərində “sənaye üsulu” ifadəsindən istifadə olunmuşdu.
İkinci, hüquqi və fiziki şəxslərin kənd təsərrüfatı fəaliyyəti üzrə satışdankənar gəlirlərinin vergidən azad edilib. Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən, “satışdankənar gəlirlər” dedikdə digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri başa düşülür.
Üçüncü məqam isə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fıziki şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyaların gəlir vergisindən azad edilməsidir.
Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli, 759 nömrəli Fərmanı ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” qaydası təsdiq edilib. Həmin qaydalarda “subsidiya” anlayışı “dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti” kimi xarakterizə olunur.
2) Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.11-1-ci maddəyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin dividend gəlirləri 2023-cü il yanvarın 1-dən 1 il müddətinə gəlir vergisindən azad edilir. Vergi Məcəlləsinin yeni 106.1.14-1-ci maddəsində isə göstərilir ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan hüquqi şəxslərin bu sahə üzrə dividend gəlirləri 2023-cü il yanvarın 1-dən 1 il müddətinə mənfəət vergisindən azaddır.
Maddə ilə bağlı bir məqamı qeyd edək ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) rezident hüquqi şəxslərin digər fəaliyyətləri üzrə yaranan dividend gəlirləri üzrə güzəştlə bağlı xüsusi fərqləndirmə aparılmayıb. Fikrimizcə, bu, sırf texniki xarakterlidir, hüquqi şəxsin digər fəaliyyətlər üzrə dividend gəlirləri formalaşarsa, o zaman həmin gəlirə Vergi Məcəlləsinin 102.1.11-1-ci maddəsi üzrə güzəşt tətbiq edilməyəcək.
3) Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfat məhsullarının satışı üzrə dövriyyələr 2014-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən azaddır (164.1.18-ci maddə).
Misal. Tutaq ku, vergi ödəyicisi kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur və ƏDV ödəyicisidir. O, rüb ərzində həmin vergi ödəyicisinin özünün istehsal etdiyi kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyəsi 40.000 manat təşkil edib. Kənd təsərrüfatı məhsullarının istehsalçıları ƏDV-dən azad olunduqlarına görə bu halda18 faizlik ƏDV tətbiq olunmur.
4) ƏDV əməliyyatları üzrə azadolma:
- damazlıq heyvanların idxalı və satışı (maddə 164.1.29);
- toxum və tinglərin idxalı və satışı (maddə 164.1.30);
- mineral gübrələrin, pestisidlərin idxalı və satışı (maddə 164.1.31);
- toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı (maddə 164.1.32);
- kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı (maddə 164.133.3);
-siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş bilavasitə kənd təsərrüfatı təyinatlı su” varma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və şatışı (maddə 164.1.34);
- kənd təsərrüfatı texnikalarının mülkiyyət hüququnun keçməməsi şərtilə kənd təsərrüfatı istehsalçılarına lizinqə (icarəyə) verilməsi (maddə 164.1.34-1);
- kənd təsərrüfatı məhsullarının istehsalçılarına aqrotexniki xidmətlərin göstərilməsi (maddə 164.1.34-2).
5) Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 10 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar (maddə 199.9).
6) Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi 2014-cü il yanvarın 1-dən 10 il müddətinə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir (maddə 219.7).
Misal: Sadələşdirilmiş vergi ödəyicisi olan kənd təsərrüfatı məhsullarının istehsalçısının rüb ərzində kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatının həcmi 30.000 manat olub. Digər məhsulların pərakəndə ticarəti fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi 2 faiz vergi hesablamalıdır, amma kənd təsərrüfatı məhsullarının satışından əldə edilən hasilat sadələşdirilmiş vergidən azaddır. Bununla yanaşı, kənd təsərrüfatı istehsalçısı olan vergi ödəyicisi gəlirləri haqqında məlumatı sadələşdirilmiş vergi bəyannaməsində əks etdirməlidir.
Mənbə: Anar Bayramov. “Vergi uçotu” kitabı