İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankında (AİB) Azərbaycanın daxil olduğu ölkələr qrupu üzrə icraçı direktor xanım Reyçl Tomsonla görüşüb.
Görüşdə diqqətə çatdırılıb ki, Azərbaycan beynəlxalq maliyyə qurumları, o cümlədən Asiya İnkişaf Bankı ilə tərəfdaşlığa önəm verir, Bankın ölkəmizə maliyyə-texniki dəstəyi yüksək qiymətləndirilir. AİB enerji, ətraf mühit, infrastruktur, transit-logistika, rəqəmsal inkişaf, dövlət-özəl sektor tərəfdaşlığı və digər istiqamətlər üzrə icra olunan layihələr çərçivəsində ölkəmizə dəstək göstərir. İqtisadiyyat naziri həmçinin, Milli Prioritetlər, 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası çərçivəsində görülən işlər, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri barədə məlumat verib, bu sahədə Asiya İnkişaf Bankı ilə əməkdaşlıq imkanlarını vurğulayıb.
Asiya İnkişaf Bankında Azərbaycanın daxil olduğu ölkələr qrupu üzrə icraçı direktor xanım Reyçl Tomson təmsil etdiyi qurumun ölkəmizlə əlaqələrinin genişlənməsində marağını ifadə edib, birgə təşəbbüs və layihələrin Azərbaycanda dayanıqlı inkişafın təmin olunmasına töhfə verəcəyini qeyd edib.
Tərəflər əsas inkişaf çağırışları, Azərbaycanın sosial-iqtisadi prioritetləri, həyata keçirilən birgə layihələr və Bankın Direktorlar Şurasında ölkəmizin səmərəli təmsilçiliyi barədə müzakirələr aparıblar.