Rusiya digər metalların filizlərindən əldə edilən qiymətli metalların çıxarılmasına görə tutulan vergi qaydalarını təkmilləşdirəcək. Bu tədbir Baş Prokurorluq tərəfindən təklif edilib və Maliyyə Nazirliyi tərəfindən dəstəklənib. “İzvestiya” qəzetinin yazdığına görə, bu barədə maliyyə nazirinin müavini Aleksey Sazanovun hökumətə ünvanladığı məktubda deyilir.
“Nazirlik çoxkomponentli kompleks filizlərin, o cümlədən tərkibində qiymətli metallar olan filizlərin hasilatı zamanı faydalı qazıntıların hasilatı vergisinin hesablanması və ödənilməsi prosedurunun təkmilləşdirilməsinin mümkün variantları üzərində işləyir”, - Maliyyə Nazirliyindən verilən aşıqlamada bildirilib.
“Freedom Finance Global» təşkilatının analitiki Vladimir Çernov izah edib ki, hazırkı vergi qanunvericiliyinə əsasən, yalnız lisenziya əsasında hasil edilən faydalı qazıntılar üçün vergi tələb edilir. Mədənçıxarma şirkətlərinin sənaye tullantılarından əldə edilən qiymətli metallara gəlincə, onlara faydalı qazıntıların hasilatı vergisi 0% dərəcə ilə tətbiq olunur.
Mütəxəssislərin rəyinə görə, filiz mədənlərinin işlənməsi zamanı təsadüfən əldə olunan qiymətli metalların həcmi kifayət qədər böyükdür.