İspaniyada daha bir futbolçu vergi fırıldağına görə məsuliyyətə cəlb edilib

2019.06.07 11:45 (UTC+04:00)

İspaniyada futbolçulara qarşı vergidən yayınma iddiaları ilə bağlı məhkəmə xəbərlərinə tez-tez rast gəlirik. Bu vaxta qədər Lionel Messi, Kristiano Ronaldo, Ceymz Rodriqez, Radamel Falkao, Angel Di Maria, Neymar, Çavier Masçerano, Marcelo, İker Kasillas, Luka Modriç, Aleksis Sançez ve Fabio Koentrao kimi dünya ulduzları məhkəmə qərarı ilə həm yayındırılan vergini, həm də tətbiq edilən cəriməni ödəməli olmuşdu.

Son günlərdə bu siyahıya daha bir məşhurun da adı düşüb. Madrid məhkəməsi "Atletiko" klubunun braziliyalı futbolçusu Dieqo Kosta haqqında cinayət işi qaldırıb. Prokurorluq ulduz futbolçunun 2014-cü ildəki gəlir bəyannaməsində 1 milyon 14 min 416 avro məbləğində vergidən yayındığı barədə iddianaməni məhkəməyə təqdim edib. onun 1 milyon 371 min 98 avro dəyərində imic haqlarından əldə etdiyi gəliri birbaşa və ya üçüncü şəxs vasitəsilə qanundankənar yollarla gizlədiyi irəli sürülüb.

Dieqo Kosta 2014-cü ildə İngiltərənin "Çelsi" klubuna transfer edilsə də, o vaxt faktiki yaşayış yerinin İspaniya olduğu bildirilib.