Mərkəzi Bank, Bakı Fond Birjası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və investisiya şirkətlərinin iştirakı ilə Göyçay şəhərində “İnvestisiya səyahəti" tədbiri təşkil olunub.
Göyçay şəhəri Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə regionda fəaliyyət göstərən biznes subyektləri kapital bazarının imkanları və Bakı Fond Birjasında listinqin üstünlükləri barədə məlumatlandırılıblar. Tədbir çərçivəsində qiymətli kağızlar bazarına dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində təqdimatlar keçirilib.
Tədbir çərçivəsində, həmçinin, investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektlərinin təsərrüfatlarına yerində baxış keçirilib, onların maliyyələşmə imkanları dəyərləndirilib.
Qeyd edək ki, Göyçayda keçirilən “İnvestisiya səyahəti” tədbiri sayca səkkizinci tədbirdir. Bundan əvvəl "İnvestisiya səyahəti" tədbiri Gəncə, Xaçmaz, Lənkəran, Yevlax, Qəbələ, Şamaxı və Şabran şəhərlərində təşkil olunub. Mütəmadi olaraq təşkil olunan investisiya səyahəti tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.