Dünya Bankı Gürcüstanın iqtisadi artımının yavaşlayacağını proqnozlaşdırıb

2023.06.19 11:05 (UTC+04:00)

Son dörd ay ərzində Gürcüstanda iqtisadi artım səviyyəsinin 7,3% olmasına baxmayaraq, yaxın gələcəkdə artım tempinin azalacağı gözlənilir. Bu barədə Dünya Bankının hesabatında bildirilib.

2023-cü ilin aprel ayında ölkədə ÜDM 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7,5% artıb, 2023-cü ilin yanvar-aprel aylarında ÜDM-in real artımı isə 7,3% təşkil edib. “İqtisadi artım, əsasən, xidmətlərə çəkilən xərclər hesabına baş verir, sənaye fəaliyyətində isə azalma müşahidə olunur. Gələcəkdə 2023-cü il boyunca iqtisadi artımın 4,4%-ə qədər yavaşlaması gözlənilir ki, bu da 5% səviyyəsində sabitləşməyə qədər Gürcüstanın ticarət tərəfdaşlarında artımın yavaşlaması ilə müşayiət olunacaq”, - hesabatda deyilir.

Qeyd edilib ki, beynəlxalq miqyasda qiymətlərin aşağı düşməsi və milli valyutanın (larinin) möhkəmlənməsi nəticəsində may ayında 1,5%-ə düşən inflyasiya, sərt pul-kredit siyasəti şəraitində 3%-lik hədəf səviyyəsindən aşağı səviyyədə qalacaq.

Hesabata əsasən, mövcud risklərdən biri qlobal şərtlərin sərtləşməsi sayəsində pul vəsaitlərinin daxil olmasında yaranacaq dəyişikliyin larinin məzənnəsinə, eləcə də dollarlaşmanın yüksək səviyyəsinin makromaliyələşməyə potensial olaraq mənfi təsir göstərə biləcəyi ilə bağlıdır. Bununla belə, nağd pul axınının daha uzun müddət davam edəcəyi təqdirdə Gürcüstan ticarət əlaqələrinin yenilənməsindən və nəqliyyat dəhlizlərindən gəlir əldə edə biləcək.

Qeyd edək ki, Dünya Bankı bu il ümumilikdə dünyada iqtisadi artımın 3,1%-dən 2,1%-ə qədər, bazar iqtisadiyyatı formalşmaqda olan ölkələrdə və inkişaf etməkdə olan ölkələrdə isə 4,1%-dən 2,9%-ə qədər azalacağını proqnozlaşdırıb. Aparıcı iqtisadiyyata malik ölkələrdə isə artımın 2,6%-dən 0,7%-ə qədər azalması gözlənilir.