İcarəyə götürülmüş torpaq sahəsi üçün vergi öhdəliyi necə tənzimlənir?

2023.06.19 10:49 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.

Vergi Məcəlləsinin 207.1.2-ci maddəsinin müddəalarına əsasən, dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünü idarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan torpaqlar istisna olmaqla), habelə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar torpaq vergisindən azaddır.

Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər.

Eyni zamanda “Torpaq icarəsi haqqında” Qanununun 14-cü maddəsinin müddəalarına əsasən icarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır.

Bununla yanaşı, Vergi Məcəlləsinin 217-1-ci maddəsinə əsasən faydalı qazıntılara görə vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləği həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə onun tərəfindən həmin təqvim ili üzrə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla təqvim ilinin sonuncu hesabat ayında azaldılır.

Əsas: Vergi Məcəlləsinin 204-cü, 207-ci, 208-ci, 217-1-ci və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddələri