Beş ayda vergi daxilolmaları 3 milyard manatı keçib

2019.06.04 18:17 (UTC+04:00)

"Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" mövzusunda Bakıda keçirilən konfransda çıxış edən Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, bu ilin ilk 5 ayında Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları proqnozdan 286,5 milyon manat çox - 3 milyard 138 mln. manat olub.
2019-cu ilin yanvarından sosial ödənişlərin və işsizlikdən sığorta haqlarının hesabatlılığının Vergilər Nazirliyinə verildiyini xatırladan nazir müavini bu sahədən toplanmış vəsaitləri də açıqlayıb: "Bu ilin ötən 5 ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna 1 milyard manatdan çox vəsait daxil olub ki, bu da proqnozdan 130 milyon manat çoxdur: proqnoz tapşırığına isə 114 faiz əməl edilib".
Sahib Ələkbərov diqqəti bu nailiyyətlərin vergi yoxlamalarının sayının kəskin azaldığı bir şəraitdə əldə edildiyinə yönəldib: "2018-ci ildə əvvəlki illə müqayisədə səyyar vergi yoxlamalarının sayı 3 dəfə azaldılıb. Bu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə isə həmin yoxlamaların sayı daha 4 dəfəyədək azalıb".

Fərqanə ALLAHVERDİQIZI