Media subyektlərinə vergi güzəştləri tətbiq olunur
- Media subyektlərinin gəlirləri mənfəət, gəlir və sadələşdirilmiş vergidən azaddır. Həmçinin media subyektlərinə edilən maddi yardımlar vergiyə cəlb olunmur.
- Qeyd olunan güzəşt və azadolmaların audiovizual media subyektlərinə, yəni televiziya və radio yayımının, o cümlədən sifarişli yayım xidmətinin müxtəlif texniki üsul və vasitələrlə audio və vizual formada istifadəçiyə təqdim edilməsini həyata keçirən media subyektlərinə verilməsi istisna olunub.
- Vergi qanunvericiliyi ilə həmin gəlirlərə güzəşt və azadolma verilməsinə baxmayaraq, bu gəlirlərin vergi orqanına bəyan edilməsindən azadolma nəzərdə tutulmur. Hər bir halda media subyekti vergi orqanına həm vergiyə cəlb olunan gəlirlərini, eyni zamanda, vergidən azad olunan gəlirlərini və ümumilikdə, bütün gəlirlərini bəyan etməlidir.
- Əlavə dəyər vergisinin məqsədləri üçün media subyektlərinə azadolma onların yalnız istehsal etdikləri media məhsullarının təqdim olunmasından yaranan gəlirlərinə tətbiq olunur. Reklam gəlirləri isə əlavə dəyər vergisindən azad deyil və mövcud qaydada olduğu kimi ƏDV-yə cəlb edilir.
1 yanvar 2023-cü ildən etibarən media subyektlərinə vergi güzəştləri və azadolmaları tətbiq edilir. Sözügedən güzəşt və azadolmalar hansılardır, hansı media subyektlərinə şamil olunur? “Biznes mühiti”nin suallarını DVX-nin Vergi siyasəti Baş İdarəsinin rəis müavini Əvəz Quliyev cavablandırır.