Xarici bazarlara “Made in Azerbaijan” brendi altında rəqabətqabiliyyətli, keyfiyyətli Azərbaycan məhsullarının ixracının genişləndirilməsi məqsədilə ixracatçı şirkətlər tərəfindən beynəlxalq sertifikatların alınması, tədqiqat-inkişaf proqramlarının aparılması ilə bağlı mövcud mexanizmlərin istifadəsinin sadələşdirilməsi nəzərdə tutulur.
Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun icraçı direktorunun müşaviri Tural Hacılı deyib..
Onun sözlərinə görə, bu məsələ “Made in Azerbaijan" brendinin təşviqi mexanizmi ilə bağlı hazırlanmış yeni dəyişikliklər layihəsində öz əksini tapıb: “Bu mexanizmlərdə sonradan dəstək məbləğinin ödənilməsinin tətbiqi təklif edilir. Şirkət sertifikatını aldıqdan sonra bizə müraciət edəcək”.
AZPROMO rəsmisi bildirib ki, yeni layihədə çox vacib digər istiqamət əqli mülkiyyət hüquqlarının qorunması, brendlərin xaricdə qeydiyyata alınmasıdır: “Bəzi ölkələrdə məhsulların qeydiyyatına ehtiyac var. Həmin xərclərə də dəstək mexanizmini təklif edirik. Hazırda məsələ aidiyyəti üzrə razılaşdırılma prosesindədir”.
T.Hacılı əlavə edib ki, “Made in Azerbaijan” brendinin təşviqi mexanizmi ilə bağlı hazırlanmış yeni dəyişikliklər layihəsi həm mövcud mexanizmlərin istifadəsinin asanlaşdırılmasını, həm də yeni mexanizmlərin tətbiqini nəzərdə tutur: “Ona görə də həmin dəyişikliklər tətbiq edildikdən sonra mexanizmlərdən istifadə hallarının daha çox artacağını gözləyirik”.
İlhamə İSABALAYEVA