Biznes ombudsmanı institutu: beynəlxalq təcrübəyə baxış

2023.06.16 12:14 (UTC+04:00)

İnstitusional mexanizmlər sisteminin müntəzəm olaraq təkmilləşdirilməsi ayrı-ayrı ölkələr tərəfindən həyata keçirilən hüquqi islahatlar və insan hüquqlarının səmərəli təmini prosesinin vacib elementlərindəndir. İnsan hüquq və azadlıqlarının müdafiəsi mexanizminin işlək olması isə həm də ombusdman institutunun mövcudluğuna bağlıdır. Çünki bu təsisatın yaradılması hüquq müdafiə strukturları sistemini tamamlayaraq, ictimai mənafelərin daha etibarlı qorunmasını təmin edir. Heç də təsadüfi deyil ki, İsveç sözü olan “ombudsman” məhz “vətəndaşların nümayəndəsi” deməkdir, bu anlamda ombudsman dövlət orqanlarından ictimai şikayətləri araşdıran müstəqil məmurdur. İlk parlament ombudsmanı da 1809-cu ildə İsveçdə yaranıb.

Biznes təmsilçiləri üçün müdafiə mexanizmi

Bəzi ölkələrdə biznes mühitində yaranan uyğunsuzluqların aradan qaldırılması üçün Biznes ombudsmanı institutu fəaliyyət göstərir. Bu, sahibkarları müdafiə etmək, onların hüquqlarını pozan dövlət qurumlarına qarşı qanuni iddiaları araşdırmaq və problemləri həll etmək üçün yaradılmış xüsusi qurumdur. Sahibkarlığın inkişafı üçün stimulların təmin edilməsi və biznes üçün bərabər şəraitin yaradılması məqsədilə Avropa Yenidənqurma və İnkişaf Bankının İnvestisiya Mühiti və İdarəetmə Təşəbbüsü çərçivəsində müəyyən şərtləri yerinə yetirməklə Biznes ombudsmanı institutlarının yaradılmasında ölkələrə yardım edilir. Bu şərtlərə müstəqillik, hesabatlılıq, peşəkarlıq, təhqiqat miqyası və təsir etmək bacarığı daxildir. Mütəxəssislər bildirirlər ki, investisiya mühitinin ən yaxşı reklamı mövcud investorları qorumaqdır. Əgər investor fəaliyyət göstərdiyi ölkədə özünü etibarlı mühitdə hiss edirsə, o, bu barədə müsbət rəy verir və potensial investorların da cəlb edilməsinə təkan verir. Biznes ombudsmanı institutu investisiya mühitinə mənfi təsir göstərən ən aktual sistem problemlərini əhatə edən hesabatlar dərc edir və onların həlli üçün praktiki yollar təklif edir. Bu hesabatlar biznes mühitinə mənfi təsir göstərən halların aradan qaldırılması və prosedurların təkmilləşdirilməsi üçün səlahiyyətli orqanlar tərəfindən geniş istifadə olunur. Bu, Biznes ombudsmanı institutunun sistemli rolunun ölkələrdə islahatların aparılmasına müsbət təsir göstərdiyini və yaxşı strukturlaşdırılmış və təchiz edilmiş Biznes ombudsmanı institutunun ölkənin inkişafına effektiv alət kimi xidmət etdiyini nümayiş etdirir. Biznes ombudsmanının verdiyi tövsiyələr məcburi xarakter daşımasa da sahibkarların hüquqlarının müdafiəsi üçün təsirli rəylər və təzyiq yaradır.

Biznes ombudsmanı sahəsində təcrübələr

2014-cü ildən etibarən Ukraynada bu təcrübə tətbiq edilir. 2019-cu ildən Qırğızıstan da müvafiq təcrübəni tətbiq etməyə başlayıb. Qırğızıstanın biznes strukturlarının rəsmiləri qeyd edirlər ki, Ukraynada bu strukturun fəaliyyəti ilə tanış olduqdan sonra məlum oldu ki, Biznes ombudsmanı institutu formasında vahid qurumun fəaliyyəti zəruridir. Bir çox sahibkarlar hüquqlarının pozulması, digər problemli məsələlərlə bağlı müxtəlif qurumlara müraciət edirlər. Dövlət qurumları öz səlahiyyətləri çərçivəsində bunu həll etməyə çalışsalar da bu prosesi daha mütəşəkkil və resurs bazasına malik mərkəzləşdirilmiş qurumun həyata keçirməsinin həm biznes, həm də dövlət qurumları üçün daha asan olacağı hesab edilir. Bir qayda olaraq, sahibkarlar qarşılaşdıqları məsələləri aid olduqları biznes birlikləri və assosiasiyalara yönəldirlər. Lakin biznes assosiasiyalarının fəaliyyəti sistemli problemlərin həllinə yönəlməlidir. Sahibkarların çətinliklərinin həlli üçün daha səmərəli mexanizmlərə ehtiyac yaranır. Bu sahədə məsul qurum olmadığı halda ayrı-ayrı qurumlar fərdi sahibkarların müraciətləri ilə həddən artıq yüklənir və böyük sorğu axınının öhdəsindən çətinliklə gəlirlər. Fərdi sahibkarların, kiçik və orta biznes qruplarının öz hüquqlarını müdafiə etmək üçün yüksək ixtisaslı mütəxəssisləri saxlamağa vəsaiti kifayət etmir. Məhz biznesin dövlət qurumları ilə münasibətlərində problemləri Biznes ombudsmanı institutunun həll etməsi daha məqsədəuyğun hesab edilir.

Qazaxıstanın sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkili 2016-cı ilin fevralında Qazaxıstan Respublikası Prezidentinin Sərəncamı ilə təyin edilib. Bundan əvvəl - 2014-cü ilin dekabrında “Biznes üçün şəraitin əsaslı şəkildə yaxşılaşdırılması haqqında” Qanun, 2016-cı il yanvarın 1-də isə Sahibkarlıq Məcəlləsi qəbul edilib. Sahibkarlıq Məcəlləsinə əsasən, biznes ombudsmanının fəaliyyəti Qazaxıstan Respublikasının Milli Sahibkarlar Palatası tərəfindən təmin edilir. Sahibkarların hüquqlarının müdafiəsi sisteminə 329 yüksək ixtisaslı mütəxəssis daxildir.

Özbəkistan Respublikası Prezidentinin 28 iyul 2017-ci il tarixli Fərmanı ilə Dilmurod Kasimov Prezidentin sahibkarlıq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üzrə müvəkkili vəzifəsinə təsdiq edilib.

Rusiyada Biznes ombudsmanı vəzifəsi rəsmi olaraq Rusiya Federasiyasının Prezidenti yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkil adlanır. 2012-ci ildə bu vəzifəyə Boris Titov təyin edilib. Sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkil “iş adamlarının dövlət orqanları tərəfindən pozulmuş hüquqlarının məhkəmədənkənar bərpası, sahibkarlıq subyektləri ilə hakimiyyət orqanları arasında mübahisələrin həlli üzrə işin təşkilinə” cavabdehdir. Ombudsmanın regionlarda nümayəndələri var.

Hazırda dünyanın 100-dən çox ölkəsində Biznes ombudsmanı institutu yaradılıb. Müxtəlif adlara malik olan və səlahiyyətlərinin miqyasına görə fərqlənən bu təsisatlar əksər ölkələrdə müstəqil məmur statusuna malikdir. Fransada ombudsman institutu vasitəçi adlanır və İqtisadiyyat, Maliyyə və Sənaye Nazirliyinin struktur bölməsidir, ona görə də nazirin qərarı ilə təyin edilir. Burada sahibkarlar üçün üstünlük ondan ibarətdir ki, onların birbaşa vasitəçi ilə əlaqə saxlamaq hüququ var.

ABŞ-da Biznes ombudsmanı Kiçik Biznes Administrasiyasının bir hissəsidir və yalnız kiçik bizneslə məşğul olur. Bu qurumun xüsusiyyəti regional ofislər və nümayəndəliklər şəbəkəsinin - kiçik biznesdə ədalətli qanunların mühafizəsi üçün şuraların olmasıdır. ABŞ Milli ombudsmanı kiçik bizneslə qarşılıqlı əlaqədə olan dövlət qurumlarını sıralayır və bununla da onların fəaliyyətinin effektivliyini qiymətləndirir. İsveçdə Ədliyyə ombudsmanı vəzifəsi ölkə parlamenti yanında təsis edilib. O, dövlət orqanları, o cümlədən yerli özünüidarəetmə orqanları tərəfindən qanunların icrasına nəzarət edir. Gürcüstanda Biznes ombudsmanı (Vergi ombudsmanı) institutu Vergi Məcəlləsinə əsaslanmaqla yaradılıb. Ombudsmanın vəzifələrinə vergi ödəyicilərinin hüquq və qanuni mənafelərinin qorunmasına nəzarət etmək, hüquq pozuntularını aşkar etmək və hüquqların bərpasına kömək etmək daxildir. Vergi ombudsmanı Gürcüstanın Baş naziri tərəfindən parlamentin sədri ilə razılaşdırılaraq təyin edilir.

Vergi ombudsmanı institutu – vergi ödəyiciləri üçün etibarlı platforma

2019-cu ildən etibarən mövcud beynəlxalq təcrübəyə əsaslanmaqla Azərbaycanda da Vergi ombudsmanı institutu fəaliyyətə başlayıb. Ölkəmizdə Vergi ombudsmanı institutunun yaradılması ilə vergi ödəyiciləri ilə etibarlı əməkdaşlıq platforması genişləndirilib və vergi ödəyiciləri yeni bir apelyasiya mexanizmi əldə ediblər. Vergi ombudsmanı sahibkarların hüquq və qanuni mənafelərinin müdafiəsinə yönəlmiş ictimai institutlar və sahibkarlar icması ilə əməkdaşlığı, sahibkarların qarşılaşdıqları çətinlikləri araşdırır və sahibkarların hüquqlarının pozulmasına dair məlumatların təhlil edilməsini təmin edir. Bununla vergi ödəyicilərinin hüquqları daha etibarlı qorunur, onların müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan həlli və vergi administrasiyaları ilə münasibətlərinin sivil formada tənzimlənməsi təmin olunur. Bu proses, şəffaflığın və obyektivliyin təmin olunması ilə yanaşı, vergi ödəyicilərinin intizamının güclənməsi və vergiləri vaxtında və tam şəkildə ödəməsi baxımından əhəmiyyətli mexanizm kimi səciyyələnir.

Gülay NƏBİYEVA