Kənd təsərrüfatı sektorunda pilotsuz uçuş aparatlarının (PUA) istifadəsi məhsuldarlığı 5-6 dəfə artırmağa imkan verir.
Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) zamanı jurnalistlərə bu barədə açıqlama verib.
Bundan əvvəl, mayın 25-də məlumat yayılmışdı ki, Cənub Federal Universitetinin alimləri kənd təsərrüfatı torpaqlarının münbitlik dərəcəsini hesablaya bilən proqram təminatı hazırlayıblar. "İnteqral" adı daşıyan proqram avtomatik olaraq torpağın xüsusiyyətlərini təhlil etmək üçün iki əsas parametri hesablayır.
A.Belousov vurğulayıb ki, Rusiyanın kənd təsərrüfatı sektorunda PUA-lardan istifadə təcrübəsi artıq var. O, ümid etdiyini bildirib ki, Rusiya prezidenti Vladimir Putinin göstərişinə uyğun olaraq, sentyabrın 1-dək böyük milli layihə təsdiqlənəcək. Layihənin hədəfi müxtəlif məsafələrə dronlarla yük daşımalarının həyata keçirilməsi ilə bağlıdır.
Qeyd edilib ki, Rusiya hökuməti 2022-ci ilin martında pilotsuz nəqliyyat vasitələrinin istismarı üçün eksperimental hüquqi rejim proqramını təsdiqləyib. Süni intellekt texnologiyalarından istifadə etməklə pilotsuz nəqliyyat vasitələrinin tətbiqi Rusiya iqtisadiyyatının rəqəmsal transformasiyası proqramının tərkib hissəsidir.