Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidilə yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə qızıl həriflərlə Milli Qurtuluş Günü kimi yazılan taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Ulu öndərin ölkəmizə rəhbərliyə qayıtması Azərbaycanı məhv olmaqdan, parçalanıb bir dövlət olaraq sıradan çıxmaqdan xilas etdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və çoxşaxəli inkişafın təməlini qoydu.
Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır.
Uzun illik fasilədən sonra 2020-ci ildə Azərbaycan ərazi bütövlüyü və dövlət suverenliyini təmin etdi, milli qürurumuz, mənliyimiz bərpa olundu və bu qələbələrimizin kökündə də heç şübhəsiz, 15 İyun məqamı dayanır.
İki il öncə 15 iyunda, xalqımızın tarixində müstəsna əhəmiyyətli gündə Azərbaycan və Türkiyə arasında ulu öndərimizin tarixi uzaqgörənliklə qeyd etdiyi kimi, "bir millət, iki dövlət"in tarixinə qardaşlığın simvolu kimi yazılan, Azərbaycan və Türkiyənin strateji müttəfiqliyini bir daha təsdiq edən "Şuşa bəyannaməsi" imzalandı. Bu bəyannamənin imzalanması Azərbaycanı regional liderə, bölgənin hesablaşılan, aparıcı qüvvəsinə çevirməklə yanaşı, həm də çoxşaxəli inkişafımızın yeni mərhələsinin əsasını qoymuş oldu.
Anar ƏLİYEV,
tarix üzrə fəlsəfə doktoru