Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Dayanıqlı İnkişaf Məqsədləri (DİM) dialoqları çərçivəsində “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda ikinci dialoq keçirilib.
Tədbirdə BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) tərəfindən təklif olunan İnklüziv İnkişaf İndeksindən istifadə etməklə ölkəmizdə DİM-ə nail olunması, sosial-iqtisadi inkişafın dayanıqlılığının artırılması istiqamətində həyata keçiriləcək tədbirlər və həssas əhali qruplarının sosial inklüzivliyinin artırılması yolları müzakirə olunub.
Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Baş nazirin müavini Əli Əhmədov Azərbaycan hökumətinin BMT ilə əməkdaşlığa yüksək qiymət verdiyini bildirib, qarşılıqlı əlaqələrin ölkəmiz üçün faydalı olduğunu diqqətə çatdırıb. Əli Əhmədov Qlobal DİM üzrə öhdəliklərin həyata keçirilməsinin ölkəmizdə dövlət siyasətinin mühüm tərkib hissələrindən olduğunu, Azərbaycanın DİM-lərin icrası üzrə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna 3 dəfə Könüllü Milli Hesabat təqdim edən regionda ilk və dünyada 10 ölkədən biri olduğunu vurğulayıb.
BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycanda minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlərin ardıcıl artırılması, eləcə də regionların sosial-iqtisadi inkişafına dair məqsədyönlü proqramların qəbul edilməsi ilə bağlı aparılan islahatları vurğulayıb, BMT-nin ölkəmizin sosial və iqtisadi inklüzivliyi artırmaq, o cümlədən DİM-in sürətləndirilməsi istiqamətində dəstəyini davam etdirəcəyini diqqətə çatdırıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BMT-nin üzvü olan dövlətlər tərəfindən qəbul edilmiş “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dəki DİM-lərdən birinin də yoxsulluğun bütün formalarına hər yerdə son qoyulması olduğunu, bu məqsədin icrası çərçivəsində ölkəmizdə atılan addımları qeyd edib. Nazir həmçinin, 8-ci DİM – “Layiqli əmək və iqtisadi artım” çərçivəsində həssas əhali qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması üçün aparılan işlər barədə məlumat verib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova DİM dialoqları təşəbbüsünün “Azərbaycan 2030: Sosial iqtisadi inkişafa dair Milli Prioritetlər”in icrası prosesini irəliyə aparmaq üçün vacib platforma olduğunu bildirib. O, qeyd edib ki, bu təşəbbüs maraqlı tərəfləri bir araya gətirməklə bu istiqamətdə səylərin birləşdirilməsi yolu ilə dinamik və inklüziv cəmiyyət quruculuğuna töhfə verməkdədir.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkəmizin BMT-nin 2016-2030-cu illər üçün təsdiqlənmiş DİM üzrə götürdüyü öhdəliklərin həyata keçirilməsinin dövlət siyasətinin mühüm tərkib hissələrindən birinə çevrildiyini qeyd edib, Azərbaycanda sosial-iqtisadi, ətraf mühit sahələrini əhatə edən dövlət proqramları, strategiyaların DİM-lərə uyğunlaşdırıldığını diqqətə çatdırıb. Nazir müavini “DİM Dialoqlar” təşəbbüsü çərçivəsində dövlət orqanları, özəl sektor, QHT-lər və beynəlxalq təşkilatlarla aparılacaq müzakirələrin ölkəmizdə Milli Prioritetlərin və 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyin icrasına, iqtisadi və sosial siyasətə müsbət töhfə verəcəyinə əminliyini bildirib.
Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin əməkdaşlıq məsələləri üzrə koordinatoru Viktor Bojkov təmsil etdiyi qurum tərəfindən Azərbaycanda sosial-iqtisadi inklüzivliyin təmin olunmasına dəstək məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib.
BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan Respublikasındakı nümayəndəliyinin sosial siyasət üzrə mütəxəssisi Rəşad Hüseynov Azərbaycanda DİM-ə nail olmaq perspektivlərinə dair təqdimatla çıxış edib.
Tədbir çərçivəsində “2030-cu ilə doğru: İnklüziv sosial-iqtisadi inkişafa baxış” mövzusunda panel müzakirə keçirilib. Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynovun moderatorluğu ilə keçirilən paneldə gender bərabərliyinə nail olunması, təhsildə inklüzivlik, uşaq hüquqlarının müdafiəsi, özəl sektorun və vətəndaş cəmiyyətinin sosial-iqtisadi dayanıqlılığın təmin edilməsində rolu barədə müzakirələr aparılıb.