Sahibkar daxildə emal rejimi ilə idxal etdiyi xammalı emal edib istədiyi alıcıya ixrac edə biləcək

2023.06.14 10:09 (UTC+04:00)

Artıq sahibkar idxal etdiyi xammalı alqı-satqı müqaviləsi əsasında ƏDV və gömrük rüsumu ödəmədən daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirərək, müəyyən edilmiş müddətdə, yəni 2 il ərzində emal edib istədiyi ölkədə, istədiyi alıcıya ixrac edə biləcək.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdir müavini Elxan Şiriyev deyib.

Nazirlər Kabinetinin “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na 2023-cü il 10 aprel tarixində etdiyi dəyişikliyin əhəmiyyətinin böyük olduğunu söyləyən E.Şiriyev bildirib ki, əvvəllər malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi yalnız sifariş müqaviləsi əsasında həyata keçirilirdi. İndi isə bu, həm də alqı-satqı müqaviləsi əsasında yerinə yetirilir: “Əvvəllər sifarişçi hər hansı bir məhsulu sifariş edir, Azərbaycandakı emalçı isə həmin məhsulu emal edib ona geri qaytarırdı. Prosedur, belə deyək ki, yalnız iki subyekt arasında baş verirdi və bu, bir növ xidmətlərin göstərilməsini ehtiva edirdi. İndi isə imkan genişlənir. Sahibkarlar xammalı özlərinin sərbəst seçimləri əsasında müxtəlif ölkələrdən ƏDV və gömrük rüsumu ödəmədən idxal edəcəklər. Daha sonra emal etdikləri məhsulları artıq rəqabətədavamlı qiymətlərlə istər region, istərsə də digər ölkələrə həmin tarixə olan bazarın tələbatına uyğun ixrac edə biləcəklər. Sahibkarlar, həmçinin, beynəlxalq tenderlərdə də artıq daha rəqabətqabiliyyətli olacaqlar”.

O, “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın tətbiqinin sahibkarların ixrac imkanlarını dəfələrlə artırdığını da vurğulayıb: “Sahibkarlar üçün əvvəlkindən qat-qat artıq ixrac imkanları yaranır. Onlar sərbəst şəkildə 2 il əvvəldən planlaşdıra bilərlər ki, gətirdiyimiz xammalı Azərbaycan daxilində emal edərək daxili satışlar üçün nəzərdə tutaq və ya ixrac edək”.

E.Şiriyev qeyd edib ki, bu praktika xarici ölkələrdə geniş tətbiq edilir. Bir sıra ölkələrin ixracının 40-45 faizi malların daxildə emal xüsusi gömrük prosedurundan istifadə hesabına baş verir: “Təbii ki, Azərbaycanda bir çox xammal mənbələri var. Sahibkarlar həmin xammalları ölkə daxilində uyğun qiymətlərlə əldə edərək dünya bazarına rəqabətədavamlı qiymətlərlə məhsul ixrac edə bilirlər. Lakin Azərbaycanda bütün növ məhsulların istehsalı üçün təbii olaraq xammal mövcud ola bilməz. Buna görə də xammalın bir çoxu xarici ölkələrdən gətirilir və burada emal edilərək ondan yeni məhsullar hazırlanır. Bu baxımdan “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na edilən dəyişiklik sahibkarlar üçün olduqca vacib bir imkandır”.

E.Şiriyev əlavə edib ki, əsas hədəflərdən biri ümumi ixracda daxildə emal gömrük prosedurunun hesabına baş verən ixracın payını artırmaqdır: “Bir tərəfdən mövcud istehsalçılar, emal və xidmət sektorunda fəaliyyət göstərən sahibkarlar öz fəaliyyətlərini daha da genişləndirib emal və ixrac dövriyyələrini artıra bilər, digər tərəfdən isə bazara yeni daxil olan sahibkarlar sırf bu imkanlardan istifadə edib yeni emal sahələri, ixrac imakanları yarada bilərlər”.

Sözügedən yeniliyin cari ilin aprel ayından tətbiq olunduğunu xatırladan E.Şiriyev bu məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi ilə də intensiv əməkdaşlıq edildiyini söyləyib.

İlhamə İSABALAYEVA