Sahibkarlar üçün vahid məlumat portalı ideyası mükafat alıb

2018.12.17 18:40 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə "2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi"n məqsədlərini təşviq etmək, innovasiyaları həvəsləndirmək, eyni zamanda, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının və "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri"nin icrasına dəstək məqsədilə keçirilmiş İkinci Respublika İnnovasiya Müsabiqəsinə yekun vurulub.

İqtisadi, sosial və ekoloji sahələri əhatə edən 200-dən çox layihənin qiymətləndirildiyi müsabiqədə Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşı Aqşin Əliyevin təqdim etdiyi "Sahibkarlar üçün ticarət əməliyyatlarının elektron məlumat portalı" ideyası "Ernest & Young" beynəlxalq audit şirkətinin xüsusi təltifinə layiq görülüb.

Aqşin Əliyev bildirib ki, layihənin əsas məqsədi Azərbaycanda sahibkarlıq fəaliyyətinə başlayan və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ticarət əməliyyatları həyata keçirilərkən gömrük və vergi öhdəliklərinin miqdarı və tələb olunan sənədlər, fəaliyyət nəticəsində yaranacaq vergilər, dövlət xərcləri və s. haqqında vahid elektron məlumat portalı və mobil aplikasiyanın yaradılmasıdır. Layihənin başlıca ideyası Azərbaycanda ilk dəfə olaraq Vergi və Gömrük orqanlarının birgə işinin əlaqələndirilməsi nəticəsində vahid elektron məlumat portalının sahibkarların istifadəsinə verilməsini ehtiva edir.


Fəxriyyə İKRAMQIZI