Türkiyə dəniz boğazlarından keçən gəmilərdən tutulan rüsumları artırıb

2023.06.12 11:01 (UTC+04:00)

Ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türkiyə boğazlarından keçən gəmilərdən tutulan yığımların yenidən nizamlandığını açıqlayıb.

Nazir yazılı açıqlamada bildirib ki, Türkiyə 39 ildən sonra keçən il rüsumları ilk dəfə artırmışdı, bu il iyulun 1-dən yenidən artıracaq.

Dəniz boğazından keçmək üçün ödənişlərdə Montrö Konvensiyasının müəyyən etdiyi qaydaların tətbiq olunduğuna diqqət yönəldən nazir açıqlamasında qeyd edib: "1983-cü ildən 7 oktyabr 2022-ci ilə qədər boğazlardan keçən beynəlxalq gəmilərdən hər gəminin xalis tonnajı üçün 0,8063 dollar rüsum tutulurdu. Bu keçid haqqını keçən il Prezidentin sərəncamı ilə 4,08 dollara qədər artırdıq. 1 iyul 2023-cü il tarixindən isə boğazlardan keçən gəmilərin hər xalis tonu üçün 4,42 dollar tutulacaq".

Montrö Konvensiyasına görə, Türkiyə boğazlarından limanlara yan almadan keçən gəmilərdən tibbi müayinə xidməti, mayak xidməti və xilasetmə xidməti kimi xidmətlər üçün haqq tutulduğuna diqqət çəkən nazir mövcud qiymətlərin keçən il müəyyən edildiyini və Prezidentin qərarı ilə hər il yenilənəcəyini bildirib.

Abdulkadir Uraloğlu son qiymət yeniləməsinə dair bir nümunə paylaşıb: "10 min xalis tonnajı olan bir gəmi 7 oktyabr 2022-ci il tarixindən əvvəl xilasetmə, mayak və sağlamlıq xidmətləri üçün cəmi 3 min 240 dollar ödəyirdi, tənzimləmədən sonra bu rəqəm 16 min 393 dollara yüksəldi. İyulun 1-dən sonra qüvvəyə minəcək yeni tariflə, 10 min xalis tonnajlı bir gəmi boğazdan keçid üçün 17 min 760 dollar ödəməli olacaq. Bununla ölkəyə valyuta axınını artıracaq tarixi bir addım atırıq".