Rəqəmsallaşma müasir dövrümüzün dinamik sürətlə inkişaf edən və bu və ya digər formada milli iqtisadiyyatlara və cəmiyyətlərə öz təsirini göstərən prosesdir. Bu gün informasiya və kommunikasiya texnologiyalarının yeni inkişaf mərhələsinə qədəm qoyması həyatımızın bütün sahələrini transformasiya etmək gücünə malikdir.
Qabaqcıl ölkələrin təcrübəsi də göstərir ki, rəqəmsallaşma prosesi yeni iş yerlərinin açılması, həyat keyfiyyətinin yüksəldilməsi, məhsuldarlığın artırılması, şəffaflığın təmin edilməsi, eləcə də kiçik və orta sahibkarlığın inkişafına töhfə verilməsi ilə iqtisadiyyata müsbət təsir göstərir.
Bəs rəqəmsal iqtisadiyyat nədir?
Rəqəmsal iqtisadiyyat – insanlar, müəssisələr, cihazlar, məlumatlar və proseslər
arasında milyardlarla gündəlik internet bağlantısı nəticəsində ortaya çıxan,
başqa bir deyimlə, kompüter texnologiyalarına əsaslanan iqtisadi fəaliyyətdir.
Sözügedən sahə bütövlükdə iqtisadi proseslərə təsir edən amildir. Rəqəmsal iqtisadiyyatı ənənəvi iqtisadiyyatdan fərqləndirən ən mühüm məqam onun rəqəmsal texnologiyalara əsaslanan iqtisadiyyat olmasıdır ki, bu texnologiyalara Maşın Öyrənməsi və Süni İntellekt, Əşyaların İnterneti, Big Data dediyimiz Böyük Verilənlər, AR (Augmented Reality) və VR (Virtual Reality) və s. kimi anlayışlar daxildir.
Son dövrlər rəqəmsal iqtisadiyyatın əhatə dairəsi görünməmiş sürətlə genişlənir və demək olar ki, iqtisadi fəaliyyətin bütün sahələrinə müxtəlif templərlə nüfuz edir. Bu baxımdan, rəqəmsallaşmanın iqtisadiyyatımıza və cəmiyyətimizə müsbət təsirlərinin gücləndirilməsi və bu prosesin dayanıqlı şəkildə inkişaf etdirilməsi üçün qarşımızda bir sıra mühüm tapşırıqlar yaranır.
Azərbaycan üçün də rəqəmsal iqtisadiyyatın qurulması, müasir texnologiyaların və innovasiyaların tətbiqi prioritet məsələlərdəndir. Ölkənin əlverişli coğrafi mövqeyi və insan potensialı, habelə son illərdə qəbul edilmiş dövlət proqramları, fərman və sərəncamlar bunun üçün münbit şərait yaradır.