İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatınnın (OECD) ictimaiyyətə açıqladığı iqtisadi proqnoz hesabatında (The OECD Economic Outlook, June 2023) dünya iqtisadiyyatının dönüş nöqtəsindən keçdiyi, dayanıqlı artıma çatmaq üçün "uzun yol" qarşısında olduğu vurğulanıb.
Türkiyənin “Anadolu” agentliyinin xəbərinə görə, hesabatda enerji qiymətlərinin və inflyasiya dərəcələrinin azalması, tədarük probleminin yumşaldılması, COVİD-19 pandemiyasından sonra Çin iqtisadiyyatının yenidən açılması və məşğulluğun artmasının iqtisadiyyatın canlanmasına töhfə verdiyi bildirilib.
OECD-nin hesabatında deyilir ki, enerji və ərzaq qiymətləri istisna olmaqla, əsas inflyasiya gözləniləndən yüksək olub və yüksək faiz dərəcələri daşınmaz əmlak və maliyyə bazarlarında daha çox hiss olunub.
Hökumətlərin dəstəkləyici fiskal siyasətlərinin COVİD-19 epidemiyası və Rusiya-Ukrayna müharibəsinin şoklarına qarşı qlobal iqtisadiyyatın dəstəklənməsində həyati rol oynadığı vurğulanaraq, bu gün əksər ölkələrin daha çox büdcə kəsirləri və yüksək dövlət borcu ilə üzləşdiyi bildirilib.
Hesabatda qeyd olunub ki, investorlar riskləri yenidən qiymətləndirdikcə və kredit şərtləri sərtləşdikcə bəzi maliyyə bazarlarında stress əlamətləri görünməyə başlayır.
Hesabatda OECD-nin 2023 və 2024-cü illər üçün iqtisadi artım proqnozları da yer alıb. 2023-cü il üçün mart hesabatında göstərilən 2,6 faizlik qlobal real iqtisadi artım proqnozu son hesabatda 2,7 faizə yüksəldilib və buna səbəb kimi inflyasiyanın azalması və Çinin COVİD-19 məhdudiyyətlərini aradan qaldırması göstərilib. 2024-cü il üçün artım proqnozu isə 2,9 faiz səviyyəsində saxlanılıb.
Türkiyə iqtisadiyyatı üçün bu ilin mart ayında 2,8 faiz olaraq açıqlanan artım proqnozu iyun hesabatında 3,6 faizə yüksəldilib. Bildirilib ki, daxili tələb Türkiyənin iqtisadi artımının əsas hərəkətverici qüvvəsi olmaqda davam edəcək. Hesabatda Türkiyə iqtisadiyyatının 2024-cü il üçün artım proqnozu 3,8 faizdən 3,7 faizə endirilib, inflyasiyanın bu il 44,8 faiz, gələn il 40,8 faiz, işsizlik səviyyəsinin bu il 10 faiz, gələn il isə 9,9 faiz olacağı proqnozlaşdırılıb.
OECD ABŞ iqtisadiyyatı və Çin iqtisadiyyatı üçün 2023-cü il üçün artım proqnozunu 0,1 faiz bəndi artıraraq müvafiq olaraq 1,6 faiz və 5,4 faizə çatdırıb.
Təşkilatın Almaniya ilə bağlı proqnozu kəskin şəkildə aşağı salması diqqət çəkib. Almaniya üçün artım gözləntiləri 0,3 faizdən “sıfır artım” səviyyəsinə endirilib.