Portuqaliya hökuməti bu aydan 100-ə qədər şirkətdə dördgünlük iş həftəsinə keçmək üçün pilot layihənin tətbiqinə başlayıb.
Ölkənin əmək, sosial müdafiə və həmrəylik naziri Ana Mendes Qodinyo bəyan edib ki, iyunun 5-dən qüvvəyə minmiş sərəncama əsasən, işəgötürənlər və könüllü iştirak etmək istəyən işçilər üçün əməkhaqqına təsir etmədən həftəlik iş günlərinin sayının dördə endirilməsi təcrübəsi tətbiq olunur.
Nazirlikdən verilən məlumata görə, həftəlik iş saatlarının 40-dan 32-yə azaldılmasını əhatə edən bu proqram ümumilikdə 350 min avroya başa gələcək və proqramla bağlı büdcəni Məşğulluq və Peşə Təhsili İnstitutu təmin edəcək.
Pilot proqramda iştirak edən şirkətlər dördgünlük iş həftəsi təcrübəsindən əvvəl, təcrübə zamanı və təcrübədən sonra şirkətin məhsuldarlığı, aralıq xərcləri, işçilərin rifahı kimi məsələlərlə bağlı məlumatları nazirliklə paylaşaraq hesabat hazırlayacaqlar.
Portuqaliya hökuməti pilot proqramda iştirak edən şirkətlər və işçilər qarşısında hər hansı məcburi şərt qoymur, layihədə iştirak üçün işəgötürənlərə və işçilərə heç bir üstünlük və ya subsidiya verilmir.
Qeyd edək ki, COVİD-19 epidemiyasından sonra – 2022-ci ilin noyabr ayında Avropada gündəmə gələn dördgünlük iş həftəsi təcrübəsini ilk sınaqdan keçirən ölkə Belçika olub.
İsveç və Finlandiya kimi bəzi Şimali Avropa ölkələrində də bu cür proqramlar tətbiq olunur, İspaniya isə 2023-cü ilin əvvəlində 41 sənaye şirkətində dördgünlük iş həftəsinə keçidin sınaqlarına başlayıb.
İspaniyada hökumət şirkətləri dördgünlük iş həftəsi rejiminə təşviq etmək üçün onlara 200.000 avroya qədər yardım ayırır.
Portuqaliya hökuməti dördgünlük iş həftəsini ayrı-ayrı sektorlarda sınaqdan keçirdiyi halda, İspaniyada bunun bütün sektorlar üçün keçərli olub-olmayacağı barədə müzakirələr hələ davam edir.