Nazirlər Kabinetinin Qərarına əsasən, “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası” təsdiq edilib.
Qərar “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may tarixli 2131 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi daşıyır.
İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə Qərara uyğun olaraq maliyyə yardımı alan işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarların uçotunun aparılmasını təmin etsin. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Qərardan irəli gələn məsələləri həll etməlidirlər.