“Bu günə qədər Prezident İlham Əliyevin qəbul etdiyi dövlət proqramlarının yüksək səviyyədə icrası “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın da uğurla həyata keçirilməsinə zəmin yaradacaq”. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
Onun sözlərinə görə, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvanın inkişafı üçün prioritet istiqamətlər göstərilib. Bütün bu istiqamətlər üzrə uğurların əldə olunacağına inamını ifadə edən komitə sədri qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında iqtisadi aktivliyi artırmaq məqsədilə ərazi ticarət qovşağı kimi inkişaf etdiriləcək. Belə ki, üç ölkə ilə sərhəd zonasında yerləşməsi Muxtar Respublikanın ticarət qovşağı, xüsusilə malların təkrar ixracı (paylaşdırılması) yeri və ya sərhədyanı bazar kimi istifadəsi üçün əlverişli şərait yaradır. Bu məqsədlə Naxçıvana gətirilən bütün malların (siyahı üzrə Azərbaycan Respublikasında istehsal olunan mallar istisna olmaqla) idxal rüsumundan azad olunması, habelə Naxçıvan şəhərində malların xarici ölkə vətəndaşlarına vergi və gömrük nəzarəti altında idxal rüsumları və əlavə dəyər vergisi olmadan satılması üçün orada Ticarət Mərkəzinin yaradılması da “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci Illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulur.
Komitə sədri əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri və tətbiq olunan güzəştlər, həmçinin Zəngəzur dəhlizi vasitəsilə bu ərazilərin Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat əlaqələrinin qurulması perspektivi analoji güzəştlərin burada da tətbiqinə imkanlar yaradır. Hazırda bu imkanlardan istifadə edərək Naxçıvanda iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu, sosial rifah halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi ön plana çıxıb. Mövcud potensialdan daha səmərəli istifadə etməklə bölgədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi və davamlılığının təmin edilməsi zəruridir.
Muxtar Respublikada biznes mühitinin inkişafı, xarici investorların cəlb edilməsi üçün işlərin aparıldığını söyləyən S.Qurbanov bildirib ki, Naxçıvan Azərbaycanın və ümumilikdə regionun inkişafına öz töhfəsini verir. Onun fikrincə, Zəngəzur dəhlizinin açılmasından sonra Naxçıvanda yeni bir inkişafın şahidi olacağıq: “Bu dəhlizin açılması Naxçıvan üçün yeni bir dövrün başlanğıcı olacaq. Bu günə qədər atılmış bütün addımlar onların doğru olduğunu sübut edir. Prezident İlham Əliyevin qəbul etdiyi qərarlar Azərbaycana birmənalı şəkildə yalnız xeyir gətirir və ölkəmizin sürətli inkişafına təkan verir. Naxçıvanla bağlı da istənilən qərar Azərbaycanın və regionun mənfəətləri baxımından sürətli inkişafa təkan verəcək”.
İlhamə İSABALAYEVA