Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard Avropa Parlamentinin (AP) İqtisadi və Maliyyə Məsələləri Komitəsinin Brüsseldə keçirilmiş Monetar Dialoq sessiyasında çıxış edib.
Avrozonada iqtisadi artımın 2023-cü ilin əvvəlində, demək olar ki, dayandığını bildirən K.Laqard iqtisadi fəallığın enerji qiymətlərindəki azalma, tədarük əngəllərinin yumşaldılması və fiskal siyasətlərlə dəstəkləndiyini deyib. Onun mövqeyinə görə, "enerji böhranı yüngülləşdikcə hökumətlər müvafiq dəstək tədbirlərini dərhal və ahəngdar şəkildə geri çəkməlidirlər".
Enerji dəstəyinin saxlanmasının ortamüddətli dövrdə inflyasiya təzyiqlərini artıracağını açıqlayan K.Laqard, bu halda daha güclü pul siyasətinin tələb oluna biləcəyini ifadə edib. "Daxili tələb, xüsusilə istehlak zəif olaraq qalır", - o, bildirib.
İstehsal sektorunun hələ də geridə qalan sifarişlərlə işlədiyini, bununla da sektorla bağlı gözləntilərin pisləşdiyini qeyd edən K.Laqard, xüsusilə epidemiyadan sonra iqtisadiyyatın yenidən açılması ilə xidmət sektorunun dayanıqlığını qoruduğunu deyib.
Keçən ilin oktyabr ayında pik həddinə çatdıqdan sonra inflyasiyanın azaldığını xatırladan K.Laqard, Avrozonada inflyasiyanın may ayında 6,1 faiz olduğunu bildirib.
Qiymət təzyiqlərinin davam etdiyinə diqqət yönəldən bank rəhbəri yüksək enerji xərclərinin və tədarük əngəllərinin inflyasiya üzərində yuxarı istiqamətli təzyiqlər etməkdə olduğunu, lakin həmin təzyiqlərin tədricən azalacağını gözlədiklərini vurğulayıb.
"Yüksək inflyasiya Avrozonada yaşayan insanları sıxışdırır" deyən K.Laqardın fikrincə, enerji inflyasiyasının azalmasına baxmayaraq, xüsusilə aşağı gəlirli insanlar yüksək ərzaq inflyasiyasının təzyiqinə məruz qalmaqdadırlar.
Avropa Mərkəzi Bankının prezidenti inflyasiya ilə mübarizədə qərarlı olduqlarına diqqət çəkərək faiz dərəcələrini may ayında yüksək inflyasiya təzyiqlərinə görə 25 faiz bəndi artırdıqlarını vurğulayıb.