İxracyönlü sənaye sahəsində müasir texnologiyaların tətbiqi ilə məhsuldarlıq artacaq, istehsal olunmuş sənaye məhsullarının keyfiyyəti yüksələcək, həmçinin yeni iş yerləri yaradılacaq. Naxçıvan Muxtar Respublikasında dövlət sənaye sahəsinin inkişafını dəstəkləyən infrastruktur qurulacaq, Şərur Sənaye Məhəlləsinin fəaliyyətə başlaması təmin ediləcək, Naxçıvan Muxtar Respublikasında Sənaye Parkı yaradılacaq, istehsal olunan sənaye məhsullarının xarici bazarlara ixracı stimullaşdırılacaq, ixrac potensialının artırılmasına töhfə verən rəqabətqabiliyyətli sənaye sahələrinə dövlət dəstəyi və investisiyalar cəlb olunacaq, innovasiyalar, habelə dövlət–özəl tərəfdaşlığı ilə bu sahədə resurs və xidmət təminatı gücləndiriləcək.
Bu barədə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramında qeyd olunub.
Dövlət Proqramında bildirilir ki, Naxçıvan Muxtar Respublikasında mövcud olan iri müəssisələrin istehsal məhsullarının həm ölkədaxili satışının dəstəklənməsi, həm də xarici bazarlara çıxışının artırılması istiqamətində tədbirlər həyata keçiriləcək.
Bununla yanaşı, mövcud olan təbii ehtiyatlar və xammal bazası əsasında sənaye sahələrinin yaradılması imkanları genişləndiriləcək. (AZƏRTAC)