Elektron qaimə-fakturada düzəliş hansı qaydada edilir?

2023.06.05 09:25 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.6-cı maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.

Eyni zamanda, həmin Qaydaların 3.8-ci bəndinə əsasən vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura səhv verildikdə (qəbul edənin VÖEN-i səhv göstərildikdə, eyni əməliyyat üzrə təkrarən təqdim edildikdə və s.), habelə əməliyyat baş tutmadan göndərildikdə göndərilmiş elektron qaimə-faktura ləğv edilir və bu barədə məlumat qəbul edən vergi ödəyicisinin elektron kabinetinə ötürülür (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla), qəbul edənin elektron kabineti olmadıqda isə çap edilərək birbaşa təqdim edilir. Ləğv edilmiş elektron qaimə-fakturada ləğvin səbəbi göstərilir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda, vergi ödəyicisi tərəfindən 2022ci ilin iyul ayında təqdim edilən elektron qaimə-fakturada olan səhv 2023-cü ildə aşkar edildikdə, ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmayan elektron qaimə-faktura ləğv edilməklə düzgün şəkildə yenidən təqdim edilməlidir.

Eyni zamanda, aparılan bu əməliyyatlar üzrə müvafiq izahatlar hazırlanmalı, habelə bu əməliyyatlar debitor borclarına da təsir etdiyindən qarşılıqlı üzləşmələr aparılmalı və sənədləşdirilməlidir.

Nəzərinizə çatdırırıq ki, Qaydaların 2.11-ci bəndinə əsasən “malların qaytarılması istisna olmaqla, Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən verilən” növdə elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) qiymətlərində dəyişikliklər olduqda, əməliyyatın xarakteri dəyişdikdə (vergiyə cəlb edilən əməliyyatın sonradan vergidən azad olunan əməliyyata dəyişdirilməsi və yaxud əksinə vergidən azad olunan əməliyyatın vergiyə cəlb olunan əməliyyata dəyişdirilməsi), habelə sonradan vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar (malların tam və ya qismən qaytarılması halları istisna olmaqla) üzə çıxdıqda tərtib edilir.

Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”.