Bakıda “Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu” öz işinə başlayıb

2023.06.02 11:34 (UTC+04:00)

İyunun 2-də Baki Konqres Mərkəzində 1-ci “Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu” öz işinə başlayıb. İlk dəfə təşkil olunmuş forum 31 may-2 iyun tarixlərində ölkəmizdə baş tutan 20-ci yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit va Logistika "Translogistica Caspian” sərgisi çərçivəsində keçirilir.

Azərbaycanın nəqliyyat-logistika sahəsində əhəmiyyətli rolu "Translogistica Caspian” sərgisi çərçivəsində 1-ci “Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu”nun təşkili zərurətini yaradıb. Forumda Azərbaycanın dövlət qurumları, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Beynəlxalq Ekspeditorlar Assosiasiyaları Federasiyası (FIATA), Beynəlxalq Logistika və Nəqliyyat İnstitutu (CLT), Dəmir Yolları Əməkdaşlıq Təşkilatı kimi qlobal təşkilatlar, müxtəlif ölkələrin nəqliyyat ekspedisiya assosiasiyaları, xarici və yerli nəqliyyat sektorunun peşəkarları bir araya toplaşıb. Forum nəqliyyat sektorunun həm yerli, həm də beynəlxalq oyunçuları arasında məlumat və təcrübə mübadiləsinin aparılması, işgüzar ünsiyyət, netvorking və etibarlı biznes münasibətlərinin qurulması, eləcə də mövcud biznes əlaqələrinin daha da genişləndirilməsinə imkan yaradır. Forum maraqlı tərəflər üçün yeni tərəfdaşlar qazanmaq və səmərəli əməkdaşlıqlar formalaşdırmaq üçün önəmli platformadır.

Tədbirdə Azərbaycanın beynəlxalq logistika marşrutlarını birləşdirərək HUB-a çevrilməsi, tranzit perspektivləri, logistika məsrəflərinin optimallaşdırılması, müasir logistikada yeni texnologiyalar və avtomatlaşdırılma, logistika sektorunda insan kapitalı, peşə təhsili və təlimi kimi mövzular müzakirə olunacaq.

Forum çərçivəsində bir sira sessiyalar və panel müzakirələri keçiriləcək. “Logistika infrastrukturu”, “Tranzit perspektivləri", eləcə də "İnsan kapitalı, peşə təhsili və təlimi (VET)" üzrə müzakirələr aparılacaq. (AZƏRTAC)